"Neftci"dən siyasi səhv

16:10 19 Oktyabr 2015

"Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top" turnirində iştirak edib və yarışın qalibi olub. Azyaşlılardan ibarət komandamızın uğurlu çıхışı hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Sevinirik ki, futbolumuzun gələcəyi olan bu uşaqlar хarici dövlətdə tanınmış klubların iştirakı ilə keçirilən turnirdə iştirak edib və çempion olub. Amma...

 

"Neftçi"nin finalda Cənubi Osetiyanın "Barsalan" komandası ilə qarşılaşıb və qalib gəlib (4:1). Həmin Cənubi Osetiya ki, bütün dünya buranı Gürcüstanın bir əyaləti kimi tanıyır. Amma Rusiyanın işğalçı siyasəti nəticəsində separatçı bir dövlətə çevirilib. Gürcüstanın ərazi bütövlüyünün pozulması hesabına yaradılan bu "dövlət"in müstəqilliyini görün kimlər tanıyır: Rusiya, Nikaraqua, Venesuela.

 

Yeri gəlmişkən, "Neftçi" "Barsalan"dan əvvəl qrup mərhələsində Gürcüstan ərazisində yaradılmış başqa bir qondarma respublikanın - Abxaziyanın “Qudauta” klubu ilə qarşılaşıb (9:0). Həmin Abxaziya ki, Gürcüstanın şimal-qərbində separatçılar tərəfindən dövlət elan edilib, müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanuatudan başqa heç kim tanımır.

 

Gürcüstan kimi Azərbaycan da tariх boyu Rusiyanın işğalçı siyasətindən əziyyət çəkib. Keçmişi bir kənara qoyaq, müasir tariximizə baxaq. Müstəqillik əldə etdiyimiz gündən Rusiyanın silahlandırdığı ermənilər minlərlə soydaşımızın ölümünə, milyonlarla insanın yurd-yuvasından didərgin düşməsinə səbəb olan müharibəyə başlayıb və Azərbaycan torpaqlarında separatçı "Dağlıq Qarabağ Respublikası"nı yaradıb.

 

Bu gün Gürcüstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər var, gürcülər Azərbaycanın regiondakı əsas müttəfiqi hesab olunur. "Neftçi" isə Gürcüstan ərazisində yaradılmış separatçı bir rejimin təmsilçisi ilə eyni turnirə qatılır, eyni meydanı paylaşır. Ola bilər ki, "Neftçi"nin rəhbərliyi - Çingiz Abdullayev, Elnur Məmmədov bu "siyasi quş"un mahiyyətini anlamır. Amma biz deyək, onlar da bilsin ki, böyük bir siyasi səhvdi. Tanınmamış bir "dövlət"in komandası ilə eyni turnirə qatılıb onların legitimləşməsinə yardımçı olmaq, Rusiyanın "dəyirmanına su tökmək", Gürcüstanın milli maraqlarına zərbə vurmaq ermənilərin "əlinə oynamaq" deməkdi.

 

Sabah Gürcüstanda bir turnir keçirilsə və "Dağlıq Qarabağ Respublika"sının komandası həmin yarışa dəvət edilsə, biz hansı reaksiyanı göstərəcəyik? Xarici İşlər Nazirliyindən tutmuş AFFA-ya qədər hamı palaz-palaz bəyanatlar verəcək, Gürcüstanı qınayacaq, hətta "Neftçi"nin rəsmi saytı da bu addımı pisləyən bəyanat yayacaq. Amma heç kim "ağ-qaralar"ın bu günlərdə Gürcüstanın milli maraqlarına zərbə vuran addımını yada salmayacaq.

 

Bu məsələdə "Neftçi" qədər Azərbaycanın Xarici İşlər Nazirliyi də, Rusiyadakı səfirliyimiz də, AFFA da məsuliyyət daşıyır. Dağlıq Qarabağa sıradan bir müğənninin, artistin səfəri zamanı vay-şüvən qoparan nazirlik, səfirlik və digər aidiyyatı qurumlar bu məsələdə səssiz qalmamalı, "Neftçi"nin separatçılarla eyni sırada dayanmasına imkan verməməli idi. Hər halda, biz belə düşünürük...

 

Bəlkə də yanalırıq, "Neftçi" bu turnirə qatılmaqla, separatçıların komandaları ilə futbol meydanında qarşılaşmaqla, onların legitimləşməsinə dəstək verməklə doğru addım atıb. Varsa bir səbəbiniz açıqlayın, biz də bilək. Yoхdusa, susun. Çünki danışdıqca daha çoх batırsınız...

 

Ola bilər ki, "Neftçi" rəhbərliyi "Biz turnirdə iştirak edən komandaların adlarını ora gedəndən sonra öyrənmişik" deyəcək. Amma bu bəhanə sayılmır. Əvvəla, hər bir turnirdən əvvəl iştirakçı komandalara rəqibləri barədə məlumat verilir. Yəqin ki, "Neftçi"də əvvəlcədən bu barədə məlumat alıb. Sadəcə, bazada oturub başları Emil Mpenza məsələsinə necə qarışıbsa, nə futbolla, nə də siyasətlə maraqlanırlar. Bəlkə də heç Cənubi Osetiyanın, Abхaziyanın separatçı rejim olduğunu belə bilmirlər...

 

Fanat.az


Digər xəbərlər

Xəbər xətti