"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Almaniyanın "Borussiya" (Dortmund) klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlişi ilə bağlı yaranmış vəziyyətə şərh verib. Sportarena.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:
"Borussiya" rəsmilərinin sözləri əsassızdır. Biz təhlükəsizliyi ən yüksək səviyyədə təşkil edəcəyik. Bizim beynəlxalq oyunlar keçirmək təcrübəmiz var. Erməni idmançılar bundan öncə də ölkəmizə gəliblər. Buna misal olaraq elə Bakıda təşkil olunmuş şahmat üzrə dünya kubokunu göstərmək olar. Almaniya klubu Mxitaryana viza almaq üçün bizə müraciət etməyib. Onlar bununla bağlı müraciət etsəydilər, biz kömək etməyə hazır idik".
Qeyd edək ki, Almaniya klubunun icraçı direktoru Hans Yoahim Vatske Bakıda təhlükəsizlik baxımından problemlər olacağını nəzərə alaraq, Mxitaryanı Azərbaycana gətirmək istəmədiklərini bəyan edib.