“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund) ilə oyununa hazırlıqlarını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” III tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.
Topaz Premyer Liqasının VIII turunun oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komanda iki gün ADBTİA stadionunda məşq edib. Paytaxtdakı oyunun ertəsi fiziki hazırlıqla kifayətlənən futbolçular dünənki məşqi iki qrupda gerçəkləşib. “Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. Komandanım bu günə planlaşdırılan hazırlığı da paytaxtda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. Matç Bakıdakı “Bakcell Arena”da baş tutacaq. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını 38 yaşlı İvan Bebek yerinə yetirəcək.