AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 7-ci turunda "İnter"lə görüşdəki penalti epizodu zamanı etdiyi hərəkətə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, Məmmədov "atv.az"a açıqlamasında Qurbanovun dünya futbolunda nadir rast gəlinən bu jestinin alqışalayiq olduğunu deyib:
"Əlbəttə ki, Qurban Qurbanovun bu addımı yalnız alqışalayiq idi. Mən həm AFFA-nın baş katibi, həm də UEFA-nın "Fair-play" Komitəsinin ikinci vitse-prezidenti kimi İsveçrənin Nyon şəhərində keçiriləcək noyabr ayındakı iclasında bu məsələni mütləq müzakirəyə qoyacam. Hətta bütün gücümdən istifadə edib, onu komissiyanın işinin gündəminə də saldıracam. Bu, mənim AFFA-nın baş katibi və komissiyanın məsul şəxsi kimi borcumdur. Əminəm ki, məşqçimiz nümunəvi hərəkəti UEFA tərəfindən layiqincə qiymətləndiriləcək".