"Xəzər Lənkəran"ın gənc qolkiperi Orxan Sadıqlının müsahibəsi:
- AZAL-ı məğlub edərək mövsümün ikinci qələbəsini qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?
- Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik, rəqibimiz son iki oyunda uğurlu nəticələr qazanırdı, əvvəlcə səfərdə “Sumqayıt”la heç-heçə, daha sonra “Rəvan”ı məğlubetmişdilər. Azarkeşlərimizin önündə oynayırdıq, qələbə bizim üçün çox vacib idi, şükürlər olsun, 3 xalı qazandıq.
- Ötən tur “Qəbələ” ilə oyunda 6:0 hesabı ilə məğlub olmuşdunuz. Bir qapıçı kimi, 6 qol buraxdıqdan sonra, bu oyuna köklənmək nə qədər çətin oldu?
- Düzdür, indiyədək 6:0 hesabı ilə məğlub olmamışdıq, bizim üçün çox ağır məğlubiyyət oldu. Amma futbolda dünən yoxdu, bugün və sabah var. Qapıçı hazırlığı üzrə məşqçim Vidadi müəllim mənə AZAL-la oyuna köklənməyə çox kömək oldu. Düzdür, hələ də bu məğlubiyyətin üzərimdə təsiri var. Amma çalışdığım qədər həmin oyunu unudub qarşıdakı oyunlara baxıram.
- AZAL üzərində qələbə nisbətən komandada ab-havanın düzəlməsinə kömək edəcək?
- Biz bilirik ki, hansı heyətə, hansı perspektivə sahibik. Hər bir oyun bizim üçün çətin keçir, istər lider, istərsə də autsayder üzərində qələbə bizdə xoş təəssürat yaradır. Komandada ruh yüksəkliyi var, növbəti oyuna da eyni ciddiyətlə hazırlaşmalıyıq.
- AZAL-la oyunda digər ev oyunlarına nisbətən daha az azarkeş gəlmişdi…
- Azarkeşlərimiz də istəyir ki, “Xəzər Lənkəran” hər zaman qələbə qazansın, çünki bu azarkeşlər həmişə qələbəyə öyrəşiblər. Amma bəzi məsələlər var ki, oyunumuza təsir edir, FİFA-nın qoyduğu qadağa olmasaydı, indi turnir cədvəlində liderlər qrupunda yer alardıq, amma nə etmək olar? Maksimum çalışıb qışa qədər maksimum xallar toplamalıyıq. Azarkeşlərdən xahişim odur ki, yaxşı günümüzdə yanımızda olublar, pis günümüzdə də bizi tək qoymasınlar. Turnir cədvəlindəki yerindən asılı olmayaraq, “Xəzər Lənkəran”a yaraşan odur ki, hər zaman azarkeşləri yanında olsun.
- Növbəti turda səfərdə “Kəpəz”lə qarşılaşacaqsınız. Rəqibiniz ardıcıl iki oyundur ki, qələbə qazanır..
- “Kəpəz” yeni yaradılmasına baxmayaraq, azarkeşləri önündə gözəl oyun nümayiş etdirir. Hər oyuna 20 mindən çox azarkeş gəlir, amma biz də çox azarkeş önündə oynamağa alışmışıq. Gəncəyə 3 xal üçün yollanacağıq, qələbə olmasa da, meydanın hər bir nöqtəsində vuruşub bir xalla qayıdacağımıza inanıram.(sportal.az)