"Artıq Avropa Liqasının qrup mərhələsində ekvatora yaxınlaşırıq. Həm "Qəbələ"nin, həm də "Qarabağ"ın qrupdan çıxma şansları yarıbayarıdır".
Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ" və "Qarabağ" klublarının Avropa Liqasında bu gün keçirəcəkləri oyunlar haqda fikirlərini bildirən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O qeyd edib ki, "Qəbələ"nin Bakıda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın səfərdə Fransanın "Monako" komandaları ilə qarşılaşmalarından sonra şanslar dəyişə bilər: "Arzum odur ki, hər iki təmsilçimiz bugünkü oyunları öz xeyrinə başa vursun. Artıq öz futbolumuzla geriyə yox, irəliyə baxmaq vaxtıdır".
Komitə sədri hər iki görüşdə qeydə alına biləcək nəticələrə belə şərh verib: "PAOK "Borussiya" ilə heç-heçə edə bilir, "Qəbələ" uda bilməz? Elə etməliyik ki, növbəti oyunlarda şanslar bizim xeyrimizə olsun. Növbəti turda "Qəbələ" Almaniyaya yollanacaq, "Monako" isə Bakıya gələcək. Bu gün komandalar elə çıxış etməlidir ki, həmin görüşlərə məğlub çıxmasınlar. İnanıram ki, "Qəbələ" və "Qarabağ" bu gün məğlub olmayacaqlar".
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı saat 20:00-da, "Monako" - "Qarabağ" qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.