Prosineçki klubların baş məşqçiləri ilə görüşəcək

19:38 22 Oktyabr 2015

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada çıxış edən klublardakı həmkarları ilə görüşəcək. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

 

Onun sözlərinə görə, görüş noyabrın ilk həftəsində baş tutacaq: "Bu gün yığma komandaların baş məşqçiləri və köməkçiləri, Məşqçilər Komitəsi və texniki direktor Bernhard Lippert bir araya gəlib və belə qərar qəbul olunub. Hamımızın məqsədi yığma komandanın uğurlu çıxış etməsidir. Nərəzə almalıyıq ki, gələcək komanda formalaşırsa, aşağı yaş qruplarında yaxşı psixoloji vəziyyət olmalıdır. Hazırkı ab-hava bizi qane etmir".

 

Komitə sədri 2 saata yaxın davam etmiş görüşdə 18 və 20 yaşadək futbolçulardan ibarət yığma komandaların təlim məşq toplanışının keçiriləcəyi gün və yoldaşlıq görüşü barədə müzakirələrin getdiyini deyib. Komandalara kömək edəcək məşqçilər də müəyyənləşib. Bunlar Mahmud Qurbanovla Elxan Abdullayevdir".

 

V.Sadıqov bildirib ki, 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Yaşar Vahabzadə bugünkü iclasda da rəhbərlik etdiyi komandanın məğlubiyyətləri ilə bağlı fikirlərini dilə gətirib: "O, komandadakı vəziyyəti izah etdi. Prosineçki hardasa onu başa düşdü. Gələcək oyunlarda bu kimi halların təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Qərara alındı ki, U-21 bir araya gəldikdə Prosineçki onlarla görüşsün".


Digər xəbərlər

Xəbər xətti