"Uduzmaq istəməzdik, ancaq bacarmadıq. Oyun ərzində yaxşı müdafiə olunduq. Bəzi epizodlarda diqqətsiz oynadıq. Elə həmin epizodların birində də qapımızda top gördük".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində səfərdə "Monako"ya uduzduqları oyundan sonra deyib.
Q.Qurbanov komandasının turnirdə yoluna davam etməsi üçün sonadək mübarizə aparacağını bildirib: "Belə səviyyəli futbolçulardan təşkil olunmuş komandaya qarşı oynamaq çətin idi. Düşünürəm ki, oyunda sürpriz heç nə olmadı. Hər zamankı oyunumuzu nümayiş etdirdik. Artıq "Monako"nu daha yaxşı tanıyırıq və bu, cavab matçında bizə kömək edəcək. Bakıdakı görüşdə daha yaxşı oynamağa çalışacağıq. Turnirdə yolumuza davam etmək üçün sonadək mübarizə aparacağıq. Sonda kimin növbəti mərhələyə yüksələcəyini görəcəyik".
Qeyd edək ki, səfərdə "Monako"ya 0:2 hesabı ilə uduzan "Qarabağ" turnir cədvəlinin son pilləsinə yuvarlanıb. (qol.az)