"... kateqoriya lazımsız bir şeydir" - "Kəpəz"in baş məşqçisi

17:01 23 Oktyabr 2015

“Kəpəz” üçün vacib məsələlərdən biri də komandalarda çalışan məşqçilərin müvafiq kurslara qatılıb kateqoriya almasıdır. Sportarena.az xəbər verir ki, hazırda klubun əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədov Bakıda AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA-nın A kateqoriyalı məşçi kursunda iştirak edir.

 

İstedadlı və bacarıqlı məşqçi təkcə işi ilə deyil, həm də kateqoriyası ilə də fərqlənir. Əgər 5-10 il öncəyə kimi lisenziya vacib sayılmırdısa, hazırda peşəkar futbolda kateqoriyasız işləmək mümkünsüzdür. Bu, demək olar ki, əsas şərtlərdən biridir.

 

Klubun mətbuat xidmətinə açıqlama verən Azər Məmmədov kursların gedişatı haqda danışıb: “Çox əvvəllər düşünürdük ki, kateqoriya lazımsız bir şeydir. Amma indi lisenziya hər bir məşqçi üçün önəmlidir. B kurslarını oxumuşam, istəyim A kateqoriyası almaqdır. Biliyimi artırmaq üçün düşündüm ki, yenə oxumalıyam. Həm də artıq tələb var”.

 

Kurslar pulludur və iştirak üçün ödənişin məbləği 2000 manatdır. Azər Məmmədovun təhsil haqqı “Kəpəz” tərəfindən ödənilib: “Özünüz fikirləşin, pul ödəyib oxuyursan. Deməli, kurslarda öyrənmək üçün nəsə var. Məni kursa dəvət edəndə çox sevindim. Çox namizəd olub. Çalışacağam ki, kursu uğurla başa vurum”.

 

A kateqoriyalı məşçi kursunun 1-ci mərhələsi oktyabrın 19-dan başlayıb. AFFA-nın Futbol akademiyasında keçirilən məşğələlərə Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edir. Kursun bu mərhələsinə oktyabrın 23-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti