"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra Sportarena.az-ın Gəncəyə ezam olunmuş müxbirinə müsahibə verib.
- Öncə oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...
- "Gəncəyə 3 xal dalınca gəlmişdik. Amma oyunumuz alınmadı. Birinci hissədə çox pis oynadıq. Nəticədə də qol buraxdıq. İkinci yarıda üstün oynasaq da, istədiyimiz qolu vura bilmədik.
- Amma kifayət qədər şanslarınız oldu ki, onları boşa verdiz...
- Bəli. Şanslarımız çox olduq, istifadə edə bilmədik. Məncə, oyunun ədalətli nəticəsi heç-heçə olardı. Qələbə qazandılar, onları təbrik edirəm.
- Bir neçə epizodda hakimə etiraz etdin. Ümumiyyətlə, idarəçiliklə bağlı fikirlərin necədir?
- Oyunda belə hallar baş verir. Əsəbi olursan. Hakim də adamdı. Səhv edir. Bel, problem yoxdu. Normal idarəşilik elədi. Yenə deyirəm, oyunda əsəbi olursan, istər-istəməz etirazını bildirirsən.
- Uzun illərdir "Xəzər Lənkəran"ın şərəfini qoruyursan. Komanda ən çətin vaxtlarını yaşayır. Bu, kapitan kimi sənə necə təsir edir?
- Çox pis. Biz öyrəşmişik çempionluğa oynamağa. Bu vəziyyət həm mənə, həmdə uşaqlara təsir edir. "Xəzər Lənkəran" layiq olduğu yerdə getmir. Bu komanda daha yaxşı yerlərə layiqdir. Özünüz də bilirsiz ki, FİFA-nın qadağasından sonra vəziyyət qəlizləşib. Ona görə də yanvara kimi ancaq səbr eləməliyik.
- Komandanın maliyyə durumunun yaxşı olmaması da çıxışınıza təsir edirmi?
- Bunun da təsiri var. Amma rəhbərlik bizim yanımızdadır. Söz veriblər ki, çətinlikləri aradan qaldıracaqlar. Müvəqqəti haldır.
- Bu gün iki sabiq komanda yoldaşın - Juninyo və Rəşad Eyyubova qarşı oynadın. Bu barədə nə deyə bilərsən?
- "Kəpəz"dəki futbolçuların demək olar ki, çoxu ilə bir yerdə oynamışıq. Heç vaxt aramızda problem olmayıb. Mənə də xoşdur ki, Juninyo yenidən bizim çempionatda oynayır.
Vüsal MİRZƏYEV