"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin yerli mətbuata verdiyi müsahibəsi:
- "Monako"ya səfərdən sonra komandada atmosfer necədir?
- Heç-heçəyə yaxın olduğumuz bir oyunda məğlubiyyətlə üzləşməyimiz çox üzücü oldu. Yaxşı oynadıq. Mənim səhvim olmasaydı, bir xalla qayıda bilərdik. Amma komandamız bunu faciəyə çevirmir. Bu oyun artıq geridə qalıb, heç nəyi dəyişmək olmaz.
- Səhvinizə görə çox üzüldünüz?
- Mən hələ belə səhvə yol verməmişdim. Mən məğlubiyyətə görə özümü günahlandırıram. Bundan sonra həmin səhvimi unutdurmaq, daha yaxşı çıxış etmək üçün əlimdən gələni edəcəyəm. Amma mən təsəvvür də etməzdim ki, səhvimə görə sosial şəbəkələrdə bu qədər tənqid oluna bilərəm.
- "Qarabağ"da, Azərbaycan yığmasında sabit çıxış edirsiniz. Bir səhvinizə görə niyə sizə bu qədər təzyiq var?
- Özüm də bilmirəm. Komandada məni heç kim günahlandırmır. Əksinə, dəstəkləyirlər. Mən də bu qədər tənqidi gözləmirdim. Ona görə də çox məyus olmuşam. Amma bu tənqidlərin müsbət cəhəti də var. Bundan sonra daha çox çalışmalıyam ki, səhvlərim olmasın.
- "Qarabağ"ın üç turdan sonrakı perspektivi barədə nə düşünürsünüz?
- "Monako" ilə ev oyunu həlledici olacaq. Onlara qalib gəlsək, vəziyyətimizi yaxşılaşdıra bilərik. Hər şey öz əlimizdədir. Uğurlu çıxış etsək, qrupdan çıxmaq şansı əldə edə bilərik.
- "Monako" ilə ev oyununa qədər sizi üç çempionat matçı gözləyir. Bunlardan birincisi "Sumqayıt"a qarşıdır...
- İki cəbhədə oynamaq bizə elə də asan deyil. Avrokubok həyəcanını unutmamış, çempionat matçına çıxacağıq. Bu görüşdə bizə üç xal qazanmaq çox lazımdır. "Sumqayıt"la oyunlarımız həmişə çətin alınıb. Samir Abasovun baş məşqçi təyin olunmasından sonra bu komandada atmosfer daha da yaxşılaşıb. Onların "İnter"ə qarşı oyunu da bunu isbatlayır. Amma istənilən halda Sumqayıta qələbə üçün gedirik.
- "Sumqayıt"la oyunlar niyə komandanız üçün çətin alınır?
- Onlar bir dəfə hətta bizi Avroliqadan kənarda qoyublar. Onlar bizə qarşı oyunlara xüsusi köklənirlər. Bizdən xal almağı çox istəyilər. Bu, bizim uğurumuzdur ki, rəqiblərimiz bizə belə ciddi yanaşırlar.