Azərbaycan Premyer Liqasının IX turuna bu gün keçirilən “Sumqayıt” – “Qarabağ” oyunu ilə yekun vuruldu. Matç “Sumqayıt”ın 1-0 hesablı qələbəsi ilə yekunlaşdı. Bununla da “Sumqayıt” cari mövsümdə ilk qələbəsini qazandı, “Qarabağ” isə cari mövsümdə ilk dəfə məğlub oldu.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Əlbəttə ki, məğlub olmaq istəməzdik. “Sumqayıt” yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı. Samir Abasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub. Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm. Məğlubiyyətə baxmayaraq, öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abasovu və komandasını təbrik edirəm, çox istəkli idilər”.