Futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayev dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarını idarə edib.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, 31 yaşlı ədalət təmsilçisi Latviya, Estoniya, Kipr və Ermənistanın yer aldığı D qrupunun qarşılaşmalarına təyinat alıb.
Nurullayev 6 qarşılaşmadan 3-də komandaları meydana çıxarıb. Bunların hamısı Ermənistan millisinin iştirakı ilə baş tutub. Ermənilər azərbaycanlı referinin birinci hakim olduğu matçda Latviyaya 3:4, ikinci hakim olduğu qarşılaşmalarda isə Kiprə 2:3, Estoniyaya 1:2 hesabı ilə uduzublar. Məğlub komandanın futzalçıları üst-üstə 10 sarı vərəqə alıb.
Kiprdə keçirilmiş seçmə mərhələnin yekununda xal toplaya bilməyən Ermənistan millisi sonuncu yeri tutub.