"Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Report"a müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Baş məşqçisi olduğunuz komanda Premyer Liqanın son 3 turunda qələbə qazanıb. Qarşıda isə "Zirə" ilə çətin görüş var...
- Biz olduğumuz yeri yaxşı dərk edirik. Lakin bu, o demək deyil ki, hansısa yerlərə iddia edirik. Hər oyuna maksimum nəticə üçün çıxırıq. Bizi narahat edən ən başlıca məsələ öz oyunumuzdur. Oyun istədiyimiz kimi alındıqdan sonra yaxşı yerlər də olacaq. Bu turda bizi çətin oyun gözləyir. Premyer Liqada asan, elə-belə oyun yoxdur. Bu qarşılaşmaya da maksimum ciddi yanaşırıq və çalışacağıq ki, uğurlu nəticə əldə edək.
- Sizcə, belə davam etsə, "Kəpəz" qış fasiləsinə hansı nəticə ilə yollanar?
- Mən heç vaxt proqnoz verə bilmirəm. Futbol yeganə idman növüdür ki, orada proqnoz vermək axmaqlıqdır. Burada istək və reallıq var. Təbii ki, istəyimiz ilk "6-lıq"dır. Ancaq reallığı görəcəyik. Hələlik 5-ci pillədəyik. Nəzərə almalıyıq ki, hər oyun 3 xallıqdır. Bir neçə oyunun nəticəsi hər şeyi dəyişə bilər. Bu səbəbdən, indidən nəsə demək çətindir.
- "Xəzər Lənkəran"la ev oyunundan sonra (1:0) keçirilmiş mətbuat konfransında Gəncə, Yevlax və Bakı arasında qaldığınızı, komandanın yorğun olduğunu bildirmişdiniz...
- Bəli, komandanın yolda qalması, bazanın olmaması həddən artıq çətindir və buna xeyli güc sərf olunur. Komandanın yaxşı formalaşması uğurlu nəticə qazanmaq üçün böyük amildir. Baza olsa, məşqlərin sayını artırmaq da olar. Əfsuslar olsun ki, bizdə bu şərait yoxdur. Kənarda olan çox insan bilmir ki, nələr olur. Bu işdə küsmək, incimək, geri addım atmaq olmayacaq. Məhz bu səbəblərdən futbolçulardan çox şey tələb etmək olmur. Bu tur "Zirə" ilə səfərdə oynadıqdan sonra yenidən Yevlaxa, Gəncəyə yola düşəcəyik və bu amillər məni baş məşqçi kimi narahat edir. Demişəm ki, belə problemlər var. Mən reallığı çatdırmaq istədim. Bununla bütün ictimaiyyətə mesaj çatdırmaq istədim. Ancaq onu da deməliyəm ki, 4 ay ərzində heç bir futbolçu nədənsə gileylənməyib.
- Gəncədə məşq etmək olmaz?
- Orada məşq etmək üçün şərait yoxdur. Çünki əsas meydança yalnız oyun üçün hazırlanır. Gəncədə bu gün nə əvəzedici, nə də əsas komandanın məşq meydançası var. Əsas meydançada yalnız oyunlar keçirilir. Ancaq Yevlaxda şərait var. Orada bizim ideal vəziyyətdə olan 4 meydançamız var ki, bunlardan biri oyun, üçü isə məşq üçündür. Bunu ən aşağı əziyyətlə, maliyyə xərcləri ilə ərsə gətirmişik. Bizim dərdimiz odur ki, Gəncədə məşq üçün şərait yoxdur.
- Bildirmisiniz ki, qələbəyə görə verilən 10 min manat mükafat 53 nəfər arasında bölünür. Belə olan halda futbolçular mükafat məbləğinin azlığından gileylənmir?
- İlk gündən müzakirələr olub. Bizim büdcəmiz o qədər də böyük deyil. Mükafata gəlincə, ilk "11-lik" 400 manat alır. Biz bir ailəyik. Komandanın uğurunda hamının əməyi var. Mən səmimi danışıram. Bu komandaya elə uşaqlar yığışıb ki, heç kim pula görə futbol oynamır. Pulun az-çoxluğu oyuna təsir etmir. Əgər xadimə, otbiçən, mühafizəçi pul alırsa, bu da bizim üçün dəstəkdir. Çünki komandanın uğuru hamıdan asılıdır. Bilirsiniz ki, mən səmimi insanam. Heç vaxt nəyəsə görə heç nə deməmişəm. Düzdür, əziyyət çəkirik. Ancaq dəstəyə görə, klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevə təşəkkür edirəm. Mən düzü-düz, əyrini-əyri deyirəm. Bizə çox diqqət göstərirlər və əsas olan da budur.
- "Xəzər Lənkəran"la oyundan sonra Gəncənin icra başçısı Elmar Vəliyevlə görüşmüsünüz. Problemlər haqda onunla danışdınız?
- Sizə dediklərimi söhbətimiz zamanı da dedim, problemləri danışdım. Mənə elə gəlir ki, problemlər Şura sədrinin nəzərinə çatdırılıb. Elə şeylər var ki, onlara aidiyyəti olmayan məsələlərdir. Sadəcə, bir insan kimi güvəndiyim yerə öz problemlərimi danışdım.
- Sizin bu fikirləriniz ictimaiyyətdə "Kəpəz"dən getmək və ya göndərilməyinizə işarə kimi də qəbul olunur...
- Yox, Şahin Diniyevin "Kəpəz"dən getməsi, ayrılması söhbəti yoxdur. Olan problemləri vaxtında deməsəm, düz olmaz. Belə məsələləri gedəndə demək doğru çıxmaz. Bundan söz çıxarmaq lazım deyil. Burada olduğum üçün gördüklərimi deyirəm. "Kəpəz"dən getmək istəyim haqda deyilənlər isə şayiədir.
- Ümumiyyətlə, büdcənin artırılma məsələsi müzakirə olunub? Çünki heyətin gücləndirilməsi üçün bu məsələ sizi də maraqlandırmalıdır...
- Bunun mənə aidiyyəti yoxdur. Düzdür, oyunçu alınması, baxışdan keçirilməsi, heyətin gücləndirilməsi mənim işimdir. Amma ümumi büdcə artırılsa, pis olmaz. Nəzərə almalıyıq ki, komandanın yol və hotel xərcləri də var. Heç olmasa, baza təmir olunmalıdır. Belə problemlər var.
- "Kəpəz" ilk dövrədə azarkeş sayında lider oldu. Bəs, gəncəli fanatların diqqətindən razısınız?
- Onlara təşəkkür edirəm. Doğrudan da fəxr ediləsi azarkeşlərdir. Mən ötən oyunda tribunada olan insanlara baxdım. Hamısı anlayışlı, orta və yuxarı nəslin nümayəndələridir. Sevindirici haldır ki, artıq stadiona qadınlar da gəlir. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə, öz istəyi ilə stadiona gəlib dəstək olanlara təşəkkür edirəm. 90+5-ci dəqiqədə azarkeşin komandanı alqışlaması ən böyük sevindirici amillərdəndir. Onları tribunada görəndə düşünürəm ki, nahaq yerə əziyyət çəkmirik.