Əfran ismayılov: "Fransa və Sumqayıtdakı məğlubiyyətlərdən nəticə çıxarmalıyıq"

00:09 27 Oktyabr 2015

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Sumqayıt"a gözlənilməz məğlubiyyəti necə şərh edə bilərsiniz?
- Maraqlı oyun alındı. Meydança çox pis vəziyyətdə olsa da, hər iki komanda istəkli oynadı. "Sumqayıt"ın layiqli qələbə qazandığını demək olar. Son dəqiqələrdə qol vurmaq şansı qazandılar və bundan maksimum yararlandılar. Gözəl oyun münasibəti ilə onları təbrik etmək olar. Biz isə artıq bu görüşü unudub, qarşıdakı görüşləri düşünməliyik.

- Avropa Liqasında "Monako"ya qarşı oyundan sonra yorğunluq var idi?
- Mən belə deməzdim. Çünki meydana fərqli heyətlə çıxmışdıq. "Monako"ya qarşı oynayan futbolçuların əksəri Sumqayıtda meydana çıxmadı. Ola bilsin ki, bu heyətin çıxışı istənilən səviyyədə alınmadı. Amma mən istənilən halda yaxşı oynadığımızı düşünürəm. Ona görə də məğlubiyyəti yorğunluqla əlaqələndirməzdim. Sadəcə, futbolda belə hallar olur.

- Müdafiə xəttində əsas heyət oyunçuları yox idi...
- Bizdə hər avrokubok oyunundan sonra belə olur. Əsas odur ki, bu məğlubiyyətdən dərs çıxarıb, onları gələcəkdə təkrarlamayaq...

- Sizin uduzduğunuz turda "Qəbələ" də "Zirə" ilə oyunda xal itirdi...
- İndi oynamaq bir qədər çətindir. Çünki bütün rəqiblər qarşısındakının necə oynadığını yaxşı bilir. Ona görə də hər oyuna ciddi hazırlaşmaq lazımdır.

- "Monako" ilə Bakıdakı görüşə qədər sizi daha iki çempionat oyunu gözləyir. Həmin oyuna da yorğun çıxacağınızdan ehtiyatlanmırsınız?
- Əlbəttə, yox. Dediyim kimi, "Sumqayıt"a məğlubiyyətdən dərs çıxarmaq lazımdır. Eləcə də "Monako"ya səfər oyunundakı məğlubiyyətdən. Onlar da bizə öz səhvimizdən sonra qol vurdular. Allah eləsin ki, "Monako" ilə cavab görüşünə daha yaxşı hazırlaşa bilək.


Digər xəbərlər

Xəbər xətti