Ukraynanın "Dnepr" futbol komandasının bombardiri Yevgeni Seleznyov "Qəbələ" klubuna keçə bilər.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sportanalytic" nəşri məlumat yayıb. Dneprepetrovsk təmsilçisinin liderinə şəxsən Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuk dəvət göndərib.
30 yaşlı hücumçunun hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni anlaşma istiqamətində "Dnepr"lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Seleznyova yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Karyerasını davam etdirmək üçün onun daha statuslu variantlarının olduğu bildirilir. Luis Adrianonun İtaliya "Milan"ına keçidindən sonra hücum xəttində problem yaşayan "Şaxtyor" da geri qaytara bilər. Türkiyənin "Fənərbağça" və "Trabzonspor", Yunanıstanın "Olimpiakos" və Rusiyanın "Krasnodar" klubları da təcrübəli forvarda maraq göstərir.
Qeyd edək ki, bu mövsüm Yevgeni Seleznyov Ukrayna çempionatında və Avropa Liqasında üst-üstə 12 qol vurub.