Fariz Nəcəfov Seleznyov haqda: "Əgər mənim xəbərim yoxdusa, deməli..."

12:55 27 Oktyabr 2015

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov "apasport.az" saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Ukrayna mətbuatında “Dnepr”in aparıcı hücumçusu Yevgeni Seleznyovun “Qəbələ”yə keçəcəyi haqda məlumat yayılıb. Bu xəbər reallığı əks etdirirmi?

- Mənim xəbərim yoxdu. Əgər mənim xəbərim yoxdusa, deməli, belə bir şey yoxdu.

 

- Bəlkə baş məşqçi Roman Qriqorçukun planında Seleznyovu komandaya gətirmək var. Ola bilməzmi?

- Xeyr. Olsa, baş məşqçi bizimlə məsləhətləşərdi. Məsləhətləşməmiş heç vaxt hansısa futbolçu ilə danışıq apara bilməz. Məşqçinin istədiyi futbolçu ilə danışığı klubun seleksiya qrupu, menecerlər aparır.

 

- Yəqin ki, qışda heyəti bir qədər də gücləndirəcəksiz. Başqa futbolçularla necə, danışıq aparırsızmı?

- Hələ bu barədə məşqçi ilə heç bir söhbətimiz olmayıb. Qriqorçuk bununla bağlı istəyini deməyib.

 

- Yuri Syominin Bakıya gəlib, “Borussiya” ilə oyunu stadiondan izləməsi söz-söhbətlərə yol açdı. Çoxu Ukrayna yığmasına getmək ehtimalı olan Qriqorçuku məhz Syominin əvəzləyəcəyini düşünür. Hər halda, rusiyalı məşqçinin paytaxtımıza sırf oyunu izləmək məqsədilə gəlməsi inandırıcı görünmür...

- Xeyr, belə bir şey yoxdu. Onu elə-belə dəvət etmişdik. Klub prezidentinin dəvəti ilə “Borussiya” ilə oyuna baxmağa gəlmişdi. Gələndə biz də fikirləşdik ki, belə söz-söhbətlər yayılacaq. Hətta Syominin özü də dedi ki, birdən başqa şey fikirləşərlər. Dedik ki, kim nə fikirləşirsə, fikirləşsin. Gizli bir şeyimiz yoxdu. Olsa, deyərdik ki, belə bir şey var.

 

- “Borussiya”ya məğlubiyyətdən sonra “Qəbələ”nin qrupdan çıxmaq işi daha da çətinləşdi. Qarşıdakı 3 oyunda komandanızdan hansı nəticəni gözləyirsiz?

- “Borussiya” ilə cavab görüşü, həm də digər oyunlarımız bizim üçün önəmlidi. Meydana həmişə xal almaq fikri ilə çıxırıq. Amma necə olacağını öncədən təxmin edə bilmərik. Avropa Liqasındakı çıxışımızı ümumilikdə müsbət qiymətləndirirəm. Keçirdiyimiz oyunlar arasında PAOK və “Krasnodar”a qalib gələ bilərdik. “Krasnodar”la səfər qarşılaşmasında minimum 1 xal qazanmalı idik. Bəxtimiz gətirmədi. “Borussiya” ilə matçda o qədər qol vəziyyəti yaratmağımız mənim üçün gözlənilməz olmadı. Çünki məşqçilər rəqibi analiz edəndə bildirmişdilər ki, “Borussiya”nın hücum xətti güclü olduğu qədər, müdafiəsində boşluqlar var. Oyunun əvvəlində o qədər qol imkanlarımız olanda məşqçinin mənə dediyi sözlər yadıma düşdü. Fakt onu göstərdi ki, Qriqorçuk rəqibi düzgün analiz etməyi bacarır. Qol imkanları yaratdıq. Amma həyəcanmı deyim, nə deyim, yüz faizlik imkanları istifadə edə bilmədik. Bir məqam da var ki, “Qəbələ” ilk dəfə Avroliqanın qrup mərhələsində oynayır, təcrübə kifayət qədər deyil. Bunların fonunda komandanın çıxışını müsbət qiymətləndirmək olar. Hələ heç nə itirilməyib, qarşıda oyunlarımız var. Qrupdan çıxmaq şansımız da qalır.

 

- “Qəbələ” bu mövsüm “Qarabağ”ın hegemonluğuna son qoyub, Azərbaycan çempionu ola biləcəkmi?

- Çempionluğa oynayırıq, məqsəd budu. Mövsümün sonunda hansı nəticəyə layiqiksə, orda olmaq istərdik. İnşallah, olarıq da.


Digər xəbərlər

Xəbər xətti