"5 oyundur ki, qələbə qazana bilmirdik. Futbolçularda psixoloji problemlər yaranıb. Çalışdıq ki, bu gün yaxşı oynayıb, "qara zolaq"dan çıxaq. Təəssüflər olsun ki, yenə oyunun son dəqiqələrində qol buraxdıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib. Gənc mütəxəssis Premyer Liqanın X turunda "İnter"lə 1:1 hesablı heç-heçəni şərh edib:
"Ümumi götürsək, komanda pis futbol sərgiləmədi. Amma dediyim kimi, psixoloji problem var. Bu səbəbdən sona qədər qələbə hesabını qoruyub-saxlamağı bacarmadıq. Bizim qışa qədər olan məqsədimiz bu heyətlə çalışıb mümkün qədər çox xal toplamaqdır. Qışda isə çatışmazlıqları aradan qaldırmaq üçün işlər görəcəyik. Bir qədər səbr eləmək lazımdır. Turnir cədvəlindəki yerimiz yaxşı olmasa da, gələcəyə ümidlə baxıram. Ümidim olmasaydı, burada qalmazdım".