Nizami Hacıyevin üsyanı: "Bu klubun rəhbəri varsa, çıxsın ortaya, desin ki..."

22:50 28 Oktyabr 2015

"İnter"in yarımmüdafiəçisi Nizami Hacıyev "Neftçi" ilə oyundan (1:1) sonra Sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb:

 

- Öncə oyunla bağlı fikirlərini bilmək istərdik...

- "Çətin oyun olacağını gözləyirdik. "Neftçi" neçə oyundur xal itirir. Çətinliklə üzləşəcəyimizi dərk etmişdik. Rəqibi analiz eləmişdik. Deyərdim ki, 1: ədalətli nəticədir. Rəqibə uğurlar arzu edirəm. "Neftçi" yaxşı komandadı. Birinci hissədə yaxşı oynadılar. İkinci yarıda isə oyunu öz üzərimizə götürdük və istəyimizə çatdıq. Yüzfaizlik nəticə olmasa da, məğlubiyyətdən qaça bildik".

 

- Oyuna 2-ci hissədə daxil oldun. Səncə, ilk dəqiqələrdən meydanda olmalı deyildimmi? 

- "Bunlar boş şeylərdir. Mən 2 həftə Gürcüstanda dizlərimdən müalicə almışam. Ona görə də düşünürəm ki, baş məşqçi düzgün seçim eləmişdi. Dünən əvəzedici heyətlərdə 1 hissə oynamışdım. Bu gün ikinci hissədə meydançaya daxil olmağım planda idi. Ümid edirəm ki, gələcəkdə baş məşqçi əsas heyətdə mənə şans verəcək".

 

- Səni xilaskar adlandırmaq olarmı?

- "Sevinirəm ki, komandanı məğlubiyyətdən xilas edə bildim. Deməzdim ki, meydana xilaskar kimi çıxmışam. Bu, hamımızın əziyyətinin nəticəsidir. Deyə bilmərəm ki, mən hamıdan güclü futbolçuyam. Ötürmə gəlməsəydi, mən də həmin qolu vurmayacaqdım. Vurduğum qolu ailəmə həsr edirəm".

 

- "İnter" son 20 dəqiqədə öz oyununu göstərdi. Bu, nə ilə bağlı idi?

- "Bu, baş məşqçinin bizə verdiyi taktika idi. Son 20 dəqiqədə çıxıb, nəyimiz var, meydana qoymalıydıq".

 

- Komandanın maliyyə vəziyyəti nə yerdədi?

- Maliyyə vəziyyəti əvvəlki kimidi. Sonuncu dəfə maaş aldığım yadıma gəlmir. Xaricdə olduğum yadımdadı, amma axırıncı dəfə maaş aldığım yadımda deyil (gülür). Çox qəliz məsələdi.

 

- Ancaq rəhbərlik deyir ki, maaşlar verilib...

- Vallah, yuxarılar maaşı kimə verir, bilmirik. Məndə maaş kartı üstümdədi, maraqlıdısa, gedib yoxlaya bilərik. Əgər köçübsə, hamınıza qonaqlıq verə bilərəm. Hamısı şayiələrdi. Bu gün "İnter" yeganə klubdur ki, pulsuz-parasız futbol oynayır. Futbolu kim üçün oynayırıq? Öncə özümüz. Azərbaycan üçün. Bu gün "İnter" olmasa, düşünürəm ki, çempionatın da ləzzəti olmaz. İstənilən komanda üçün ciddi rəqibik. Hamısı meydana çıxanda, kiminlə oynadıqlarını dərk edirlər. Amma bu gün "İnter" pulsuz futbol oynayır. Bu problemdən çıxmağa çalışırıq. Ancaq kimsə yoxdu ki, sual verək, biz pul alacağıq, ya yox.

 

- Nə vaxt olacaq?

- Vallah, bilmirəm. Ümumiyyətlə, bu klubun rəhbəri varsa, çıxsın ortaya, desin ki, 5 ay pulsuz oynayın, 5 aydan sonra pul alacaqsız. Biz də bilərik ki, oynayaq, ya oynamayaq. Bu komandanın rəhbəri olsa, ondan soruşarıq ki, ay qardaş, bizim axırımız hara gedir? Əgər burda pul yoxdusa, heç olmasa, gedib başqa klubda min manata oynayaq. Hər bir futbolçunun ailəsi var, onları saxlamaq lazımdır. Bugün Azərbaycan futbolçularının hamısı kasıb ailələrdən çıxıblar. Bütün ailələrinə də onlar baxırlar. Çox çətindir.

 

- Nə vaxta qədər səbr etmək niyyətindəsən?

- Hazırda başqa əlacımız yoxdur. Öz formamızı saxlamaqdan ötrü çıxıb oynamalıyıq, əlimizdən gələni etməliyik. Real təklif olsa, günü bu gün iş yerimi dəyişərəm. Bunu baş məşqçi də başa düşür ki, hansı futbolçuya yaxşı təklif gəlsə, komandanı tərk edəcək. 

Vüsal MİRZƏYEV


Digər xəbərlər

Xəbər xətti