"Azərbaycan futbolunda nizam-intizam yoxdur, kim necə gəldi, oynayır" - "Qəbələ"nin sabiq hücumçusu

12:28 29 Oktyabr 2015

"Azərbaycana pul qazanmaq üçün getmişdim".

 

Sportarena.az xəbər verir ki, bunu hazırda Fransanın həvəskarlardan ibarət "Olnoy" klubunda çıxış edən "Qəbələ"nin sabiq futbolçusu Yannik Kamanan "So Foot" nəşrinə müsahibəsində deyib. 34 yaşlı hücumçu bildirib ki, Azərbaycan Premyer Liqasında çıxış etdiyi vaxt ən çox qazanan oyunçuların mövsümlük müqavilələri 500 000 - 800 000 avro aralığında dəyişib. O, məhz bu səbəbdən, "qırmızı-qaralar"la müqavilə bağladığını açıqlayıb:

 

"İlk dəfə mənim üçün "Azərbaycan" adı çəkiləndə "Orada nə işin var?" deyə soruşdular. Cavabında seçim imkanımın olmadığını bildirdim. Gələcəyimi düşünməli idim. Azərbaycan çempionatı genişlənir. Orta səviyyə Fransanın Liqa 2 səviyyəsindən bir az aşağıdır".

 

"Odlar Yurdunda necə yaşıyırdınız?" sualına cavabında fransalı hücumçu bildirib ki, ölkəni ictimaiyyət arasında tənqid etmək olmaz. Bununla belə, Kamanan heç də real vəziyyəti əks etdirməyən fikirlər səsləndirib: "Paytaxt Bakıda bəzi şeylər var, amma şəhərdən bir az aralanan kimi orta əsrlərə malik mənzərə görürsünüz. Başqa heç nə. Amma Azərbaycanda ikən ehtiyatlı olmalı, nəyə görə getdiyinizi bilməlisiniz".

 

Kluba gəldikdə, o, işlərin daha peşəkarcasına qurulduğunu bildirib: "Vaxtilə İngiltərədə çıxış etmiş hücumçu Deon Barton da "Qəbələ"də idi. Onu komandanın o vaxtkı baş məqşçisi Toni Adams gətirmişdi".

 

Təcrübəli forvard Azərbaycan futbolunun nəinki aşağı, hətta fantastik səviyyədə olduğunu deyib. Lakin o, ölkədə futbol məktəblərinin olmadığını bildirib: "Nizam-intizam yoxdur, kim necə gəldi, oynayır. Uşaqlar da kefləri istədikləri kimi çıxış edirlər".

 

Qeyd edək ki, Yannik Kamanan Avropa Liqasının qrup mərhələsində "Qarabağ" klubunun rəqiblərindən olan İngiltərə "Tottenhem"inin yetirməsidir. O, 2012-ci ilin yanvarında "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb. O, 2014-cü ilin aprelində "qırmızı-qaralar"la yollarını ayırıb. Bundan sonra bir ildən çox klubsuz qalan Kamanan 2015-ci ilin avqustunda Fransa çempionatının həvəskarlar liqasında çıxış edən "Olnoy" komandasına keçib. (sportnet.az)


Digər xəbərlər

Xəbər xətti