Bakıda yeni idman kompleksləri tikiləcək

14:43 29 Oktyabr 2015

"İslam Həmrəylik Oyunları ərəfəsində Azərbaycanda bir sıra yeni idman kompleksləri tikiləcək".

 

Sportarena.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.

 

Hansı idman növləri üçün komplekslərin tikiləcəyinin hələlik məlum olmadığını deyən nazir müavini qeyd edib ki, bu, İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin qərarından asılıdır.

 

İ.İsmayılov 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik oyunlarında yeni idman növlərində yarışların keçiriləcyini də istisna etməyib:

 

“İslam Həmrəylik Oyunlarında Federasiyaların təqdimatı ilə əlavə idman növlərində yarışların keçirilməsi planlaşdırılır. Əlavə idman növləri olduğu üçün, yeni komplekslər də tikiləcək. Ancaq bu çox olmayacaq. Azərbaycanda bir çox idman yarışlarının keçirilməsi üçün tam standartlara cavab verən komplekslər var”.

 

Nazir müavini 2016-cı ildə Bakıda baş tutacaq “Formula 1” yarışlarının təşkili məsələsinə də toxunub. İ.İsmayılov qeyd edib ki, Beynəlxalq Federasiyasının Azərbaycan qarşısında qoyduğu tələblərə uyğun olaraq, “Formula 1” yarışına yüksək səviyyədə hazırlıq gedir:

 

"Hər bir federasiyasının hansı sahədə olursa-olsun yarışların keçirilməsi ilə əlaqədar tələbləri var. Tam əminliklə deyə bilərəm ki, “Formula 1” yarışının keçirilməsinə Azərbaycan hazırdır. Azərbaycanda keçirilən hər bir tədbir yüksək səviyyədə həyata keçirilir. 50-dən artıq idman yarışının Azərbaycanda keçirilməsi beynəlxalq qurumların bizə olan etimadıdır".


Digər xəbərlər

Xəbər xətti