AFFA Klublar Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının yayımı ilə bağlı müzakirələr aparılıb. Sportarena.az "sportnet.az"a istinadən xəbər verir ki, bu barədə Premyer Liqanın yayım hüququnun sahibi "CBC Sport"un baş direktoru İlham Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə, təqvim müzakirə olunub. Çünki eyni günə bir neçə oyun təsadüf edir. İ.Rüstəmov bildirib ki, bununla bağlı nəsə etmək lazımdır. Qərara gəlinib ki, ilkin mərhələdə ehtiyac yarandıqca, gələn ildən isə təqvimin tərtib olunmasına tam baxılacaq: "Gələn mövsüm təqvimi tərtib edərkən, bizimlə razılaşdıracaqlar. Hamı bilir ki, biz gün ərzində 2 yayımdan çox edə bilmərik. Amma bir günə 5 oyun təsadüf etdikdə, fiziki cəhətdən çəkiliş edə bilmərik. Bundan qaçmağa çalışacağıq. Bu məsələdə PFL və klubların da bizə kömək edəcəklərini düşünürəm".
Bundan başqa, "CBC Sport"da hər bir kluba həsr olunmuş veriliş olacaq. Bu, "Klub saatı" adlanacaq. Hər həftəsonu Premyer Liqaya həsr olunmuş verilişdə futbolçular, mütəxəssislər və məşqçilər iştirak edərək, matçları təhlil edəcəklər.