"Təkcə "Xəzər Lənkəran" belə vəziyyətlə üzləşsəydi..." - Tuyqun Nadirov

17:23 29 Oktyabr 2015

AFFA Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov bu gün keçirilmiş növbəti iclasda müzakirə olunan məsələlərlə bağlı açıqlama verib. Sportarena.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

"Bir il öncə Klublar Komitəsinin ilk iclaslarından birində teleyayım məsələsini qaldırmışdıq. Sevindirici haldır ki, hazırda nəinki bu məsələdə irəliləyişə nail olduq, hətta teleyayıma görə klublara müəyyən məbləğ ödəniləcək. Üstəlik, Azərbaycanda yeni bir idman kanalı da açıldı. Amma hələ də müəyyən çatışmazlıqlar var ki, onları yoluna qoymaq lazımdır. Məsələn, bəzi stadionlarda yüksək səviyyəli çəkiliş aparmaq üçün normal şərait yoxdur. Bu üzdən də ilk növbədə klublar teleyayımın yüksək səviyyədə olması üçün bütün çatışmazlıqları aradan qaldırmağa köməyini əsirgəməməlidir. Bəzi klublar bunu ediblər, bəziləri edir, bəziləri də planlaşdırırlar. Əldə olunan uğurlarla kifayətlənmək olmaz. Daha da inkişaf etmək, daha ciddi uğurlara nail olmaq lazımdır".

 

Nadirov çempionatımızın oyunlarının teleyayımının xarici ölkələrə, xüsusilə də Almaniyaya satışına münasibət bildirib: "KK bu məsələni AFFA qarşısında qaldırmışdı və prezident Rövnəq Abdullayev sağ olsun ki, buna dəstək nümayiş etdirdi. Buna görə həm AFFA, həm də PFL rəhbərliyinə minnətdarlığımız bildirmək istərdim. Biz bu məsələ ilə bağlı konkret məbləğ şərti qoymamışıq. Sadəcə, nə qədər olmasından asılı olmayaraq, gəlirin olmasını istəyirik. Məbləğ indiki mərhələdə elə də önəmli deyil. İstənilən halda teleyayımın xaricə satışından klublar da gəlir götürəcəklər".

 

"Klublar bütün oyunların eyni gündə keçirilməsinin əleyhinədir. Bunu sadəcə, teleyayıma görə demirəm. Matçların eyni gündə baş tutması ilk növbədə azarkeşlərə mənfi təsir göstərir. Ola bilər ki, hansısa futbol azarkeşi konkret bir komandanın yox, bütün klubların oyunlarını izləmək istəyir. Amma bütün matçların bir gündə baş tutması elələrini bu imkandan məhrum edir. PFL-dən xahiş etdik ki, təqvimi tərtib edərkən, bunu nəzərə alsınlar".

 

"Xəzər Lənkəran"ın vitse-prezidenti UEFA-nın bütün klublardan qadın futbol komandalarını yaratmaq tələbinə də münasibət bildirib: "Bu tələbdən hələ ötən mövsümdən xəbərimiz var. Bu baxımdan müəyyən problemlər var. Bunu bütün klublar təsdiqlədilər. Amma ən azından 4-5 aparıcı klubun bu tələbi yerinə yetirməsi vacibdir. Çünki UEFA xüsusilə avrokuboklarda iştirak edən klubların qadın komandalarının olmasında maraqlıdır".

 

Nadirov "Xəzər Lənkəran"ın cari mövsümdəki çıxışına da qiymət verib: "Premyer Liqanı tərk etməyimiz real deyil. Hamı FİFA-nın klubumuza transfer qadağası qoymasından xəbərdardır. "Xəzər Lənkəran"ın hazırda uğursuz çıxış etməsinin əsas səbəbi də məhz budur. Hazırda komandamızın heyətində 15-16 futbolçu var ki, onların da çoxu gənclərdir. Bu, təbii ki, onlar üçün özlərini göstərmək, təcrübə toplamaq baxımından bir şansdır. XL həmişə iddialı olub. Hələ elə bir mövsüm olmayıb ki, yüksək yerlər uğrunda mübarizə aparmayaq. Əlbəttə, rəhbərlik indiki nəticələrdən razı qala bilməz və razı deyil. Amma üzləşdiyimiz vəziyyəti də nəzərə almaq lazımdır".

 

"Hələ çempionatın əvvəlidir. Daim iddialı olmuş klubların heç də hamısı turnir cədvəlinin üst pillələrində qərarlaşmayıb. Biz isə hamıdan fərqli ciddi sanksiyanın təsiri altında çıxış edirik. Uğursuz transferlər etsəydik, belə vəziyyətlə üzləşsəydik, o zaman ciddi tənqidlərə layiq olardıq. Klubumuzun maliyyə vəziyyətinə gəlincə, hazırda heç bir klub iddia edə bilməz ki, maaşları vaxtında ödəyir. Bu, nəinki Azərbaycan, hətta Avropanın əksər klublarına aiddir. Bütün dünyada vəziyyət belədir. Təkcə "Xəzər Lənkəran" belə vəziyyətlə üzləşsəydi, analiz aparardıq, vəziyyətdən çıxış yolu axtarardıq".


Digər xəbərlər

Xəbər xətti