“Bakı” bu mövsüm I divizonda çıxış edir. Komanda aşağı liqada öz yetirmələri ilə çıxış edir. Azərbaycanın ən gənc heyəti “Bakı”dadır”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.
“İdman Azərbaycan” kanalında “Bakı” klubuna həsr olunmuş xüsusi verilişdə çıxış edən Yaşar Seyidov qeyd edib ki, komandanın məqsədi növbəti mövsüm Premyer Liqada çıxış etməkdir: “Bakı”nın 30-a yaxın gənc futbolçusu müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış edir. Akademiyamız da fəaliyyətini davam etdirir. Yenə də 50-yə qədər uşaq akademiyada qalır, qidalanır, burada təhsillərini davam etdirirlər. Bir neçə aydan sonra “Bakı”nın işləri tam qaydasında olacaq. Azarkeşlər növbəti mövsümdə “Bakı”nı Premyer Liqada görəcəklər. Məqsədimiz yüksək yerlərdən birini tutub, Premyer Liqaya vəsiqə qazanmaqdır”.
Yaşar Seyidov “Atletiko” və “Lans”la əməkdaşlıqdan da söz açıb: “Hər iki klubla əməkdaşlıq davam edir. Komandamızın üzvləri yenə də “Atletiko” və “Lans”ın düşərgəsinə
yollanacaqlar. Biz həmin gənclərə böyük ümidlər bəsləyirik”.
Seyidov sonda azarkeşlərə də səslənib: “Azarkeşlərimizi daim komandaya dəstək olmağa çağırırıq. Bütün çətinliklər geridə qalır. Azarkeşlər pis gündə də yanımızda olublar. Arzu edirik ki, bundan sonra da komandanı yalnız qoymasınlar”.