Geridə qalan həftə “Xəzər Lənkəran”ın aşağı yaş qrupları üçün növbəti uğurlu həftə kimi yaddaşda qaldı. Ölkə çempionatında çıxış edən 4 qrupun hər biri qələbə qazana bildi.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bazar ertəsi Ağadadaş Həmidovun rəhbərlik etdiyi U-17 komandası “Bakı”nı qəbul etdi. Matçın başlanğıcında komandalar az qala hər fürsəti qola çevirmək qərarına gəlmişdilər – ik 10 dəqiqədə artıq 2:2 hesabı qeydə alınmışdı. Yekun nəticədə komanda hesabda önə keçib üstünlüyü sona qədər qoruya bildi – 4:3. Komandanın heyətində Xəqani Sadıqov dubl etdi, Nurlan Fərəcli və İlqar Gürşadlı hərəyə bir qol vurdu. Qeyd edək ki, Xəqani və Nurlan U-16 qrupunun futbolçularıdır.
Növbəti gün isə qələbə seriyasının davam etmək məqsədilə U-15 komandası “Neftçi” İK İB komandası ilə oyuna çıxdı. Qarşılaşma komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşdı.Tural Bayramovun iki dəfə fərqləndiyi oyunda həmçinin Qədir Həsənov və Əliağa Məmmədov rəqib qapısına yol tapdılar. Beləliklə, 8 oyuna 8 qələbə və 0 buraxılan topla “Xəzər Lənkəran” U-15 liqasında zirvədə gedən üç komandadan biridir.
U-16 komandası bu həftə səfərə çıxan yeganə qrup oldu. Rəqib turnir cədvəlinin qonşu pilləsində qərarlaşan “Fortuna-Səbail” komandası idi. Maraqlı keçən matç komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı. Qolların müəllifləri: Elməddin Əsədullayev, Murad Məmmədov və iki gün öncə U-15 komandasının heyətində dubl edənTural Bayramov.
Hafiz Əliyevin baş məşqçisi olduğu U-19 isə evdə “İnter”lə qarşılaşdı. Oyun komandanın 3:0 hesablı qələbəsi ilə başa çatdı. Bu oyunda Kənan Sadıqov dubl etdi, digər qolu isə Fərid Ağazadə vurdu.