"İnter"in yarımmüdafiəçisi Nizami Hacıyev Premyer Liqanın XI turunun "Zirə" ilə oyunundan sonra Sportarena.az-ın əməkdaşının suallarını cavablandırıb
- Premyer Liqanın XI turunda "Zirə" ilə qolsuz bərabərə qaldız. Oyunla bağlı nə deyə bilərsən?
- “Zirə” yaxşı komandadır. Hər bir rəqibə gücünü göstərə bilir. Oyunu təhlil eləmişdik. Çətin olacağını bilirdik. Elə də oldu. Birinci hissədə Denis Silvanın zərbəsi zamanı şübhəli məqam yarandı. Biz 11 metrlik cərimə zərbəsi təyin olunacağını gözlədik. Ümumi götürsək, “Zirə” yaxşı komandadı. Deyərdim ki, 0:0 ədalətli nəticə oldu.
- Qələbə qazanmaq üçün sizə nə çatmadı?
- Düşünürəm ki, hücumda inamlı oynamaq lazımdır. Bizdə ön xəttdə top qalmır. Əsas müdafiədir ki, burda da səhv etmədik. Əsas problemimiz hücumdadı. Onun da üzərində işləyib, nəticə çıxarmalıyıq. Əsuslar olsun ki, bu gün Rauf kimi hücumçumuz bizə kömək edə bilmir. Əməliyyatdan təzə çıxıb. Onsuz bizə çox çətindir.
- Son oyunlardakı uğursuzluğunuz sırf oyunlar bağlıdır, yoxsa kənar amillər də var?
- Əlbəttə oyundankənar amillər də var. Amma biz peşəkarıq. Meydana çıxırıqsa, öz vəzifəmizi yerinə yetirməliyik. Maliyyə durumuna gəlincə, əvvəl necə idisə, indi də elədir.
- UEFA avrokuboklardakı iştiraka görə “İnter”in də hesabına pul köçürüb. Bununla bağlı sizə nəsə deyilibmi?
- “İnter”in hesabına pul köçüb-köçməməyindən xəbərim yoxdur. Deyilənə görə, o pul bizə gəlib çatmalıdır. Amma hər şey deyilənlərin üstündə qurulsaydı, dünya bu cür olmazdı.
- Sizə çatacağına inanmırsan?
- Mən artıq heç kimə inanmıram. Pul əlimizə dəyməyənə kimi kiməsə inanmaq boş şeydi.
- Ötən oyundan sonra kifayət qədər aqressiv danışmışdın. Yəqin ki, klub rəsmilərinin bundan xəbəri var. Həmin müsahibə sənə problem yaratmadı?
- Nə problem yaradacaq? Vallah, heç bir problemim yoxdur. Problem yalnız klub rəhbərliyindədi. Rəhbərlik bizə necə baxacaq, biz də elə oynayacağıq.
- Növbəti turda səfərdə “Qəbələ” ilə qarşılaşacaqsız. Həmin barədə nə düşünürsən?
- Bizi çox çətin oyun gözləyir. “Qəbələ” bu gün ən güclü komandalardan biridir. Heyətdə yaxşı futbolçuları var. Amma bizin problemimiz meydandan kənardadır.
- Əsas problem nədən ibarətdir? Klubun futbolçulara konkret nə qədər borcu var?
- Keçən ildən 4 ayın maaşı+bonuslarımız, bu aydan isə quru maaşa futbol oynayırıq, o da ki, 1 aydı yoxdur. Deyilmişdi ki, hər ayın 1-dən 10-na kimi maaş veriləcək. Bu gün ayın 31-idir, hələ pul yoxdur.
- “İnter”in “Zirə” ilə matça çıxmaq istəməməsi nə dərəcədə real söhbət idi?
- “Zirə” yox, “Qəbələ” ilə matça çıxmaya bilərik. Çünki artıq səbr kasamız dolub-daşır. Biz bilmirik, bu klubun rəhbəri kimdir, rəisi kimdir, vitse-prezidenti kimdir. Müraciət eləməyə adam tapmırıq. Əgər komandaya baxmaq istəmirlərsə, desinlər, biz də gedək, başqa yerdə oynayaq.