Azərbaycan Premyer Liqasında komandaların sayı artırıla bilər

14:51 1 Noyabr 2015

2016-2017 mövsümündən futbol üzrə Azərbaycan Premyer Liqasında komandaların sayı artırıla və çempionatın formatı dəyişdirilə bilər.

Sportarena.az xəbər verir ki, hazırda elitadakı iştirakçı klublarının sayının 16-ya çatdırılması müzakirə olunur.
Bu, I Diviziondan ən azı 6 klubun Premyer Liqaya gətirilməsi hesabına baş verəcək. Hazırda yüksək liqada 10 komanda çıxış etsə də, bəziləri maliyyə sıxıntısı keçirir. Hazırkı 10 komandadan hansısa gələn mövsüm mübarizəni davam etdirmək iqtidarında olmasa, aşağı liqadan gətiriləcək komandaların sayı daha çox olacaq.
Məlumata görə, iki gün əvvəl AFFA-nın Lisenziyalaşdırma Qrupu ilə görüşə Premyer Liqa ilə yanaşı, I Divizion klublarının da dəvət edilməsi məhz gözlənilən artımla bağlı olub. Aşağı liqa klublarından elitada iştirak üçün sənədləri hazırlamaları istənilib.
Hazırda Premyer Liqaya vəsiqə qazanmağa əsas namizədlər qismində "Neftçala", "Şəmkir", "Bakı" və "Turan Tovuz"un adları hallandırılır. Amma siyahıya lisenziyalaşma tələblərini yerinə yetirənlər daxil ediləcək. Bunun üçün klubların mövsümün sonunadək vaxtı var. Komandaların sayı 16-ya çatdırılsa, 4 dövrəlik sistem də ləğv olunacaq. Peşəkar Futbol Liqasının rəhbərliyi hazırkı formatın özünü doğrultmadığı qənaətindədir. Yeni formata əsasən, komandalar 2 dövrəlik sistemlə mübarizə aparacaqlar. Qalib və mükafatçılar 30 turluq marafon nəticəsində müəyyənləşəcək. Say artımında məqsəd Futbolun İnkişafına dair yeni Dövlət Proqramı çərçivəsində ölkədə futbolun coğrafiyasını genişləndirməkdən ibarətdir. Dəyişikliklərin AFFA-nın növbəti konfransında rəsmiləşməsi gözlənilir.
AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayev "Report"a açıqlamasında komanda sayının artırılaraq, Premyer Liqa coğrafiyasının genişləndirilmə variantını dəstəklədiyini bildirib. Lakin o, klubların maliyyələşməsinin normal olacağı təqdirdə bu addımı atmağın gərəkliyini vurğulayıb.
Qeyd edək ki, 10 komandanın iştirakı ilə 4 dövrəlik mübarizə 3 mövsümdür tətbiq olunur. (report)


Digər xəbərlər

Xəbər xətti