Azərbaycan Premyer Liqasının hazırda davam edən “Qəbələ” – “Kəpəz” oyununda hava şəraiti səbəbindən növbəti problem yaranıb.
Sportarena.az xəbər verir ki, dünən olduğu kimi, bu gün də Qəbələdə müşahidə olunan qatı duman meydanın normal görünməsinə mane olur. Buna görə də futbolçuların bir-birini aydın görməsində, azarkeşlərin isə oyunu normal səviyyədə izləməsində çətinlik yaranıb. Qatı dumanın getdikcə daha da artığı bildirilir.
Buna baxmayaraq, birinci hissədə baş hakim Əlyar Ağayev oyunu saxlamayıb.
Qeyd edək ki, dünən qatı dumana görə bu matç oyunun 30-cu dəqiqəsində dayandırılıb və bu gün qaldığı yerdən davam etdirilib.
Son məlumata görə, qatı duman yayıma da təsir edib. Meydan demək olar ki, görünməz hala düşdüyündən birinci hissədən sonra "CBC Sport" kanalı yayımı dayandırmalı olub.
“Biz bu cür şəraitdə oyunu efirə verməyi tamaşaçılarımıza hörmətsizlik kimi dəyərləndiririk” – deyə matçın şərhçisi Şəmsəddin Abbasov bildirib. (qol.az)