"Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin müsahibəsi
- Premyer Liqanın XI turunda “Kəpəz” “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiz?
- Gözəl oyun keçdi. Hər iki komanda yaxşı oynadı. Məncə, layiqli qələbə qazandıq. Qazanılan qələbə münasibəti ilə bütün komanda üzvlərini təbrik edirəm. Bu qələbədə payı olan hər kəsə minnətdaram.
- Avroliqanın qrup mərhələsində çıxış edən və ölkə çempionatında qızıl medallara əsas namizədlərdən olan “Qəbələ”ni səfərdə məğlub edəcəyinizi gözləyirdinizmi?
- Təbii ki, biz hər oyunda komandaya inanırıq, dəstək oluruq. Bu matçda da həmçinin. “Qəbələ” çox güclü komandadır. Bu gün də (söhbət dünən olub - red.) bizə qarşı yaxşı oynadılar. Qarşıda onları “Borussiya” ilə çətin oyun gözləyir. Dortmundda komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, “Qəbələ” Almaniya səfərindən uğurlu nəticə ilə qayıdaraq, hər birimizi sevindirəcək.
- Son turlar inamlı təsir bağışlayan “Kəpəz”in artıq avrokuboklar uğrunda mübarizə aparacağını söyləmək mümkündür?
- Təbii ki. Niyə də olmasın? Son turlar komandamız həqiqətən də yaxşı çıxış edir. Son 5 matçdan 4-də qələbə qazanmışıq. Hazırda “Kəpəz” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Uğurlu çıxışımızı davam etdirmək istəyirik. Qismət olsa, avrokuboklarda da çıxış edərik.
- Yəqin ki, “Qəbələ” üzərində qələbəyə görə komandaya mükafat ayrılacaq?
- Əlbəttə. Biz hər zaman qələbəyə görə komandaya mükafat veririk. Bu dəfə də elə olacaq. Mükafat stimuldu. “Kəpəz”in bütün üzvləri, qazanılan uğurda payı olan hər kəs mükafatını alacaq.
- “Xəzər Lənkəran”la oyundan sonra futbolçuların alacağı məbləğ açıqlanmışdı. Bu dəfə də mükafatın məbləğini açıqlaya bilərsiz?
- Mükafat fondu dəyişməyib. Əvvəlki qələbələrə görə 10 min mükafat verilib. Bu dəfə də həmin pulu alacaqlar. Bundan sonra da hər qələbəyə görə mükafat olacaq.
Mənbə: futbolxeber.az