"Kəpəz" Bezotosnının seriyasını qırdı

15:37 2 Noyabr 2015

Premyer Liqasının XI turunda “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının quru seriyası qırılıb. Sportarena.az xəbər verir ki, ardıcıl 8 matçda qol buraxmayan ukraynalı legioner “Kəpəz”lə ev oyununun 2-ci dəqiqəsində topu qapısından çıxarıb.


Aleksandr Sitnikin qolu ilə Bezotosnının seriyası 729-cu dəqiqədə qırılıb. I turun avqustun 8-də “Qarabağ”la Qəbələdə keçirilən oyununda (2:2) qol buraxan qapıçı sonuncu dəfə həmin matçın 83-cü dəqiqəsində rəqiblərinin sevinməsinə şahid olub. Riçard Almeydanın qolundan sonra AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qol buraxmayan qolkiper “İnter”lə görüşdə (1:2) iştirak etməyib. Ardınca “Sumqayıt” (1:0), “Rəvan” (3:0), “Xəzər Lənkəran” (6:0), “Neftçi” (1:0), “Zirə” (0:0) və AZAL (0:0) da onun qapısına yol tapa bilməyib.

 

“Kəpəz”lə görüşdə seriyası qırılan Bezotosnı Azərbaycan çempionatlarının 23 illik tarixində 14-cü nəticəyə imza atıb. Ümumiyyətlə isə 1992-ci ildə start götürən yarışda qeydə alınan 17 göstərici Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi adlayıb.

 

Bezotosnı son 4 mövsümdə bunu bacaran yeganə qapıçıdır. Ölkə çempionatında sonuncu belə seriya 2012/2013 mövsümündə qeydə alınıb. Həmin vaxt “Qarabağ”ın qapıçısı Boyan Pavloviç fərqlənib.

 

Azərbaycan çempionatlarının ən uzun quru seriyaları:

 

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985

3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958

5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952

6. Elxan Həsənov (“Neftçi”) – 943

7. Boyan Pavloviç (“Qarabağ”) – 828

8. Dmitri Kramarenko (“Karvan”) – 798

9. Dmitri Kramarenko (“Neftçi”) – 772

10. Rauf Mehdiyev (“Olimpik”) – 746

11. Elşən Poladov (“Bakı”) – 744

12. Nadir Şükürov (“Dinamo”) – 741

13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735

14. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) - 729

15. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720

16. Camaləddin Əliyev (“Qarabağ”) – 700

17. Rauf Mehdiyev (“Olimpik”) – 676

 

Qeyd edək ki, mötərizədə futbolçunun klubu, legionerlərdə isə əvvəl ölkəsi, sonra klubu əks olunub.


Digər xəbərlər

Xəbər xətti