Hövsan Olimpiya İdman Kompleksində MMA idman növü üzrə açıq Bakı kuboku keçirilib. Sportarena.az xəbər verir ki, yarışda 26 komandanın tərkibində 200-dən çox idmançı qüvvəsini sınayıb.
“Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt yarışının 5 medalına sahib olublar. Böyüklər arasında Orxan Əlizadə (92 kq) və Mukayat Pirqaibov (+100 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ruslan Quliyev (62 kq) isə yarışı 3-cü sırada tamamlayıb.
Gənclərin yarışında Mənsud Maharəndi (45 kq) qızıl medala yiyələnib. Yeniyetmələrimizdən isə Nihad Abdullayev (32 kq) bürünc medala layiq görülüb.