"Pərişan olmuşdum, vəziyyət o həddə çatmışdı ki..." - "Kəpəz"in hücumçusu

19:22 2 Noyabr 2015

"Kəpəz"in ukraynalı hücumçusu Aleksandr Sitnik klubun rəsmi saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:


- Burada mənim üçün hər şey normal, demək olar ki, ürəyimcədir. Mənə qarşı münasibət əladır. Mehriban kollektivimiz, yaxşı komandamız var.

 

- “Kəpəz”dəki hədəflərin nədən ibarətdir?

- Hamı eyni məqsəd uğrunda birləşdiyindən bizim hədəfimiz eynidir. Qələbələr qazanıb, çempionatda uğurla iştirak etmək istəyirik. Biz buna çalışırıq. İlk əvvəllər oyunumuz da nəsə alınmırdı, indi isə hər şey yoluna düşüb. Hamı qələbə qazanmaq istəyir, rəhbərlik də, məşqçilər də, futbolçular da. Elə azarkeşlər də bizdən bunu gözləyir.

 

- Yoldaşlıq görüşlərində və məşqlər zamanı ikitərəfli oyunlarda sən qol vursan da, çempionat matçlarında bu, bir qədər gec oldu.

- Çox pərişan olmuşdum, vəziyyət o həddə çatmışdı ki, qol vura bilməməyim barədə heç düşünmək belə istəmirdim. Ancaq bilirdim ki, bir qol vursam, mütləq özümə gələcəyəm. Özünəinam hissini yaratmaq üçün hücumçunun qol vurması çox vacibdir. Sadəcə, alınmırdı. Fərqlənməyi isə çox istəyirdim.

 

- Artıq qol hesabını açdın...

- Məşqlərdə hər zaman bunun üzərində işləyirdim. Əvvəlki oyunlarda komanda yoldaşlarımın qol vurması üçün şərait yaratmışdımsa, “Qəbələ”yə qarşı matçda özüm də nəhayət ki, fərqlənə bildim.

 

- Baş məşqçi Şahin Diniyev həmişə müsahibələrində sənə inandığını və uyğunlaşma üçün vaxt tələb olunduğunu bildirirdi.

- Baş məşqçimizə bu sözlərə və mənə olan inamına görə minnətdaram. Hücumçunun işi qol vurmaqdır, bunu mən də yaxşı başa düşürəm. İstənilən halda, Şahin müəllim və komanda yoldaşlarım həmişə mənə dəstək olublar və buna görə onlara təşəkkür edirəm. Yenə deyirəm, hücumçunun özünü oyunda hiss etməsi üçün qol vurması əsas şərtdir. İlk qolumu vurdum, yəqin ki, artıq davamı gələcək.

 

- Gəncəli azarkeşlər hər oyunda komandaya dəstək verirlər. Onlar haqda nə deyə bilərsən?

- Onlara da minnətdaram, bizi qələbələrə həvəsləndirirlər. Futbolu fanatlar üçün oynayırıq. Azarkeşlər stadionu dolduranda, oynamaq həvəsi birə-beş artır. Təbii ki, çalışırıq onları həmişə qələbələrlə sevindirək, arzu olunan nəticəni qazanaq.

 

- Hansı oyun sənin üçün daha yadda qalan olub?

- Oyunları pis və ya yaxşı oyuna bölmək istəmirəm. Hər matçın öz yeri var. Bütün oyunlarda meydana uğur qazanmaq, layiqli futbol nümayiş etdirmək üçün çıxmışıq. Bəzən alınıb, bəzən də yox. Başa düşmək lazımdır ki, 2-3 aya komanda yaratmaq çətindir. Futbola vaxt vermək lazımdır, bunu yəqin ki, hamı yaxşı başa düşür. Biz hamımız “Kəpəz”in uğuru üçün səy göstəririk, Ümid edirəm ki, etimadı doğrulda biləcəyik.


Digər xəbərlər

Xəbər xətti