Cəfərovdan "ulduz xəstəliyi" söhbətinə sərt reaksiya: "... başından vursunlar, aşağı getsin"

00:02 3 Noyabr 2015

"Komanda meydanda sona kimi mübarizə apardı. Əziyyətimiz yerdə qalmadı. Qol tam vaxtında gəldi. Başqa sözüm yoxdur. Komandanı təbrik edirəm".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov deyib. Premyer Liqanın XI turunda "Rəvan"ın qapısına vurulan qələbə topunun müəllifi təəssüratlarını bölüşüb:

 

"Əlbəttə, çox yaxşı hisslərdi. Ancaq bu, tək mənim əziyyətimin nəticəsi deyil. Rahid elə ötürmə eləməsəydi, top dirəyə dəyib mənə gəlməsəydi, qələbə qazanmaya da bilərdik. Bu, tək mənim yox, hamımızın uğurudur. Qolları hər zaman eyni vəziyyətdən vurduğumuzu deməzdim. Cəmi 2 dəfə olub ki, Rahid qapıya doğru topu göndərib, nəticədə qol vurmuşuq. Biri "Neftçi" ilə oyunda, bir də indi".

 

Gənc futbolçu son turlardakı çıxışından narazıdır: "Neçə oyundur ki, istədiyim kimi çıxış edə bilmirəm. Son olaraq, "Neftçi" ilə matçda bir az oyunum alınmışdı. Ondan sonra istədiyim oyunu oynaya bilmirdim. Bu günkü matçda nələrsə etməyə çalışdım. Bəzi şeylər alındı, bəziləri alınmadı. Alınmayanların üzərində işləməli, gələcəyə baxmalıyam".

 

Cəfərov "ulduz xəstəliyi"nə tutulması ilə bağlı suala aqressiv cavab verib: "Bizdə bu var ki, biri qalxsın, başından vursunlar, aşağı getsin. Amma şükür Allah "ulduz xəstəliyi" bizdən uzaqdı".

 

Elnur yenidən ölkənin əsas millisinə dəvət olunmaq perspektivi ilə bağlı isə bunları deyib: "U-19-la toplanışa gedirəm. Qarşıda Avropa çempionatının seçmə mərhələsinin 3 oyunu var. Həmin görüşləri fikirləşirəm".


Digər xəbərlər

Xəbər xətti