"Son 2 oyunda məğlub olmuşduq. Ona görə "də bu oyuna xüsusi motivasiya ilə hazırlaşmışdıq. Bu matç iki komandanın turnir cədvəlindəki mövqeyi baxımından da bizim üçün önəm daşıyırdı. Bu səbəbdən qələbənin dəyəri bizim üçün çoxdur".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara deyib. "Rəvan" üzərində səfər qələbəsini şərh edən malili futbolçu meydanda aqressiv olmağının səbəbini də açıqlayıb:
"Mən bunu daha çox motivasiya ilə əlaqələndirərdim. Bəlkə buna görə kənardan aqressiv görünürdüm".
Tounkara bildirib ki, zədədən sonra oynamaq elə də asan olmur: "Zədə səbəbindən 6 ay oynamadım. Bu qədər fasilədən sonra təbii ki, mənim üçün çətindir. Oynadıqca daha çox formaya düşürəm. Qarşıdakı turlarda daha yaxşı vəziyyətdə olacam".
Qaradərili futbolçu "Xəzər Lənkəran"ın hazırkı durumu haqda da danışıb: "Özünüz bilirsiz. Elə bir yenilik yoxdur. Mənim nəsə deməyimə ehtiyac yoxdur. Bugünkü vəziyyəti hamı bilir".