Fariz Nəcəfov PFL-i günahlandırdı: "Bu, qeyri-peşəkarlıqdır"

17:20 3 Noyabr 2015

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Borussiya" səfəri öncəsi müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Komanda çətin səfərə yollanır. Premyer Liqanın son turlarında da uğurlu nəticə yoxdu. "Borussiya" ilə oyunda hansı nəticəyə ümid edə bilərik?

- Bilirsiz ki, çox çətin səfərdi. Rəqib bəllidi. Buna görə də, komanda ilə söhbətimiz olub. İndi uğurlu nəticə üçün əllərindən nə gəlirsə, onu da edəcəklər.

 

- Çox güman ki, Henrix Mxitaryan Dortmundakı oyunda iştirak edəcək. Bununla bağlı yerli futbolçularla söhbətiniz olub?

- Qətiyyən! Burada hamısı peşəkar futbolçulardı. Bu məsələnin üstündən birdəfəlik keçmək lazımdı. Bizi kifayət qədər çətin oyunlar keçirmişik.

 

- Qrupdan çıxacağınıza inanırsız, yoxsa bütün diqqətlər ölkə çempionatına yönəlib?

- Birmənalı şəkildə inamımız var. Hələ şanslarımız qalıb. Qarşıda 3 oyun durur. Düzdür, zədəli futbolçularımız da var. Buna baxmayaraq, nəticə qazanmaq üçün potensialımızın olduğunu düşünürəm.

 

- Roman Qriqorçukun Ukrayna millisinə getməsi... (sualı yarımçıq dayandırır)

- Bunalr boş söhbətlərdir. Son uğursuz oyunların analizlərində şəxsən özüm iştirak etmişəm. Hər üç oyunda üstün olmuşuq. Sadəcə, imkanlarımızdan istifadə edə bilmədik. AZAL və "Kəpəz"lə oyunlardakı dumana görə matç birmənalı olaraq təxirə salınmalı idi. Vurulan qolumuz da sayılmayıb. Sonra baxırıq ki, qolu qaydalar çərçivəsində vurmuşuq. Top qapı xəttini keçmişdi. Səbəbini soruşduqda dedilər ki, duman görməyə imkan vermədi. Əgər televiziya yayımı dayandırırsa, matç da dayandırılmalı idi. Peşəkar Futbol Liqasını başa düşürəm ki, qrafikdə sıxlıq var. Amma bu, istənilən halda qeyri-peşəkarlıqdır. Bunu uduzuğumuza görə demirəm. Sadəcə, olanı qeyd etməliyəm.

 

- Məsələni qabartmaq olmazdımı?

- Bunu etdik. Oyundan bir gün əvvəl də dedik ki, sabaha yox, başqa vaxta saxlayaq. Çünki vaxt azaldıqca dincəlmək olmur. Dedilər ki, sıxlıq var. Əliyar Ağayev bu qapıdan digərini görmür, amma oyunu davam etdirir. Çəkilişi davam etdirə bilmirlərsə, sən oyunu necə davam etdirə bilərsən? Çəkiliş kimin üçündür? Azarkeşlər üçündü də...

 

- Oyunun saxlanılması sizə sərf edirdi?

- Birincisi, azarkeşlər oyuna baxa bilmirdi. Mən yuxarıdan da oyunu görmürdüm. Bizə lazımdı ki, görünən havada futbol oynayaq. Yenə deyirəm, bunu uduzduğumuza görə söyləmirəm. Dumanda futbol oynamaq mümkün deyildi. Qapıçı şikayətlənirdi ki, meydanı görmürəm.

 

Mənbə: sport7.az


Digər xəbərlər

Xəbər xətti