"Fikrimcə, Bakıya getməməyim doğru addım idi. Amma keçmişə ilişib, qalmaq olmaz".
Sportarena.az "apasport.az"a istinadən xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının erməni futbolçusu Henrik Mxitaryan deyib. Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer alan Almaniya təmsilçisi oktyabrın 22-də Bakıdakı qarşılaşmaya Mxitaryanı gətirməmişdi. Lakin sabah Dortmundda baş tutacaq matçda erməni yarımmüdafiəçi iştirak edə biləcək.
Almaniya mətbuatına müsahibəsi zamanı Azərbaycandakı görüşə gəlməməsi ilə bağlı suala cavabında bunu doğru hesab edən Mxitaryan bütün diqqətini sabahkı oyuna yönəltdiyini bildirib: “Bəzi insanlar Bakıya getməməyimin yaxşı olduğunu düşünürlər. Bəziləri də deyir ki, gedib Azərbaycanda oynaya bilərdim. Ancaq mən Almaniyada qalmaqla, düzgün addım atdığımı hesab edirəm. İlk görüş barədə danışmaq istəmirəm, çünki geridə qalıb. “Qəbələ” ilə növbəti görüşü Dortmundda keçirəcəyik və bütün diqqətimizi buna yönəltmişik. Fikrimcə, normal oyun gedəcək. Çünki insanlara nəyisə sübut etmək fikrində deyiləm”.
Qeyd edək ki, Bakıda 3:1 hesabı ilə qalib gələn “Borussiya” “Qəbələ”ni sabah “Siqnal İduna Park”da qəbul edəcək.