İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti bir idman bayramı olacaq. Sportarena.az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında çıxışında deyib.
A.Rəhimov qeyd edib ki, Azərbaycan Oyunlar keçirilməsi istiqamətində lazımi addımlar atır. Nazir xatırladıb ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən Təşkilat Komitəsi yaradılıb.
Nazir bildirib ki, Azərbaycanın bu cür beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəsi var.
Azərbaycanın Birinci Avropa Oyunlarına və digər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini vurğulayan A.Rəhimov bildirib ki, İslam Həmrəylik Oyunları da idman bayramı kimi qeyd olunacaq və unudulmaz anlar yaşanacaq.
Nazirin sözlərinə görə, Oyunlarda ən azı 1500 heyət üzvü və 5 mindən çox idmançı iştirak edəcək. (Trend)