Qriqorçuk: "Bizə sabahkı oyundan həzz almaq lazımdı"

21:44 4 Noyabr 2015


“Rəşad Sadiqov burdadı, çünki o, əvvəl də burda olub. Yolu tanıyırdı, ona görə də bizi bura gətirdi (gülür)”. 
Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
“Qırmızı-qaralar” Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Dortmundda “Borussiya”nın qonağı olacaqlar.
 
Bu görüşdən öncə mətbuat konfransı keçirən ukraynalı çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.
 
- Futbolda inanclar olur. Onlara inanırsızmı?
- Biz sadəcə yaxşı çalışmalıyıq ki, uğur əldə edə bilək. Tibbdə həkim xəstəsinə hər hansı dərman verir ki, iç, sakitləşəcəksən, xəstə də ona inanır. Gizlədiləsi bir şey yoxdu. Bəzi anlar olur ki, mən də inanclara inanıram. Həyatda düzgün yaşamaq lazımdı. Mən Allaha inanan adamam.
 
- Azərbaycan çempionatında son oyunlarda yaxşı nəticə əldə edə bilmirsiz. Komandanın psixoloji vəziyyəti ilə bağlı nə deyə bilərsiz?
- “Qəbələ” son 3 oyunda lazım olan nəticəni əldə edə bilmədi. 9 mümkün xaldan 7-ni itirmişik. Odu ki, yerində verilən sualdı. Xal itirdiyimiz matçlarda da əla olmasa da, yaxşı oynadıq. Üstünlük bizim tərəfimizdə idi, amma qələbə qazana bilmədik. Səbəb odu ki, “Qəbələ” hücumları məntiqi sonluğa çatdırmağı yaxşılaşdırmalıdı. Görürsüz, mən necə nikbinəm. Bu o deməkdi ki, komandada psixoloji vəziyyət yaxşıdı. Bizə sabahkı oyundan həzz almaq lazımdı və başqa heç nə barəsində düşünmək istəmirik.
 
- Düşünmürsüz ki, hər dəfə bayram-bayram deməklə futbolçularınızı təzyiq altına salırsız? Oyuna adi qaydada yanaşmaq olmazmı?
- Bayram-bayram deməkdən pis bir şey görməmişik. Biz hər oyunumuzdan öncə bunu vurğulamışdıq və həmin görüşlərdə yaxşı təsir bağışlamışdıq. “Borussiya” ilə evdəki matçda biz qalib gəlmək istəyirdik, oyunun əvvəlində yaxşı imkanlarımız olmuşdu. Dünyanın “qrand” komandası ilə matçda hesabı açsaydıq, oyuna maraq artacaqdı. Biz istəyirik ki, hər dəfə oynadığımızdan daha yaxşı oynayaq. Əminəm ki, futbolçularım da mənim kimi düşünürlər. Sabah futbolçularımızın hər biri özlərinin ən yaxşı oyunlarını keçirəcəklər. Mən buna əminəm.
 
- Son oyunlarda Rafael Santos və Luis Hilario Dodo komandaya kömək edə bilmirdilər. Sabahkı qarşılaşmada onlar iştirak edə biləcəklərmi, durumları nə yerdədi?
- Onlar meydana çıxmağa hazırdılar. Etiraf edim ki, start heyətini özümdə müəyyənləşdirmişəm. Amma strateji cəhətdən bunu açıqlamayacam.
 
- Pyer-Emerik Obameyanqın qarşısını kəsmək üçün müdafiəçilərə xüsusi tapşırıq vermisizmi, nəsə düşünmüsüzmü?
- Obameyanq unikal idmançı, möhtəşəm oyunçudu. Onun haqda idman elmi öyrənməlidi. Obameyanq kimi fenomeni öyrənmək çox maraqlıdı. Həm gücü, həm də sürəti var. Boyu, gücü olsa da, meydanda yüngüldü, sürətlidi. Bu, futbolda önəmli məqamlardı. Biz başa düşürük ki, “Borussiya”nın heyətində önəmli fiqurdu. Təbii ki, ona qarşı hazırlaşmışıq, bunun çətin olduğunu bilə-bilə.
 
- Belə çətin oyunlarda həlledici məqam nə olur və yetirmələriniz sabah daha çox nəyə diqqət yetirməlidilər?
- Bu cür komandaya qarşı hər cəhətdən yüksək səviyyədə oynamalısan. Əbəs yerə demədim ki, hər bir futbolçumuz özünün ən yaxşı oyununu keçirməlidi. Bütün istəklər üst-üstə düşməlidi. Taktiki cəhətdən də düzgün oynayıb, rəqibin hücumlarının qarşısını kəsməliyik. Bu mənada, taktiki cəhətdən düzgün oynamaq bizim üçün böyük önəm kəsb edir. İlk növbədə, hücumda düzgün oynamalıyıq. Yalnız müdafiə olunmaqla, “Borussiya”dan xal almağı düşünmək ancaq utopiyadı, belə bir fikrimiz yoxdu. Biz sabahkı qarşılaşmada da hücuma daha çox üstünlük verəcəyik.
Apasport


Digər xəbərlər

Xəbər xətti