"Vladimir Besçastnıx: "Spartak" Qəbələyə məmnuniyyətlə gələr"

13:07 5 Noyabr 2015

Moskvanın “Spartak” klubunun futbol akademiyası Rusiyada ən yaxşılardan sayılır. Təsadüfi deyil ki, bu ölkənin bir sıra tanınmış futbolçuları məhz həmin təsisatın yetirmələridir. Belə futbolçulardan biri də Vladimir Besçastnıxdır. Hazırda “Spartak”ın əvəzedici komandasına başçılıq edən 41 yaşlı mütəxəssis bu yaxınlarda Bakıya səfər edib. Sportarena.az xəbər verir ki, “Qəbələ İK”nı əməkdaşı yaxın keçmişin tanınmış futbolçusu ilə görüşüb.

 

Besçastnıx qəzetimizə açıqlamasında “Qəbələ”nin uşaq futbolunda gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib: “Futbol akademiyasında çalışdığımdan, uşaq futboluyla bağlı mövzu mənə həmişə maraqlıdır. Klublar futbol akademiyalarına diqqət ayırmalıdır. Azərbaycan Premyer Liqasında klubların sayı çox deyil. Tək “Qəbələ” deyil, digər klublar da uşaqlar üçün yaxşı şərait yaratmalıdır. Bundan əlavə, aşağı yaş qruplarından ibarət komandalar arasında güclü çempionatın keçirilməsi də vacibdir. Rusiyada da belə problemlər var. Paytaxtla əyalət liqaları arasında səviyyə baxımından fərq çox böyükdür. Ancaq Azərbaycanda paytaxtla əyalətlər arasında məsafənin az olması burada güclü uşaq liqaları təşkil etməyə imkan verir”.

 

Ötənlərin tanınmış hücumçusu “Qəbələ” İdman Klubunun yay aylarında təşkil etdiyi beynəlxalq “Gabala Cup” turnirini də yüksək qiymətləndirib: “Həmişə oyun praktikası qazanmalı olan yeniyetmə futbolçular üçün belə turnirlər, ilk növbədə, yaxşı təcrübədir. Uşaqlar bizim gələcəyimizdir və onlara seçim imkanı yaratmaq borcumuzdur. Bakıda ilk dəfəyəm və burada gördüklərimə valeh olmuşam. Azərbaycan elə bir məkandır ki, inanmıram hansısa komanda buraya gəlməkdən imtina etsin. “Barselona”, “Portu”, “Feyenoord”, “Zenit”, “Lokomotiv”, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” kimi klubların “Gabala Cup” da iştirak etdiyini eşitmək çox xoşdur. “Spartak”ı da dəvət etsəniz, məmnuniyyətlə gələr. Ən azı, həmin vaxtın bizim planlarımıza uyğun gəlib-gəlməməsini nəzərdən keçirərik”.

 

Sonda qeyd edək ki, Besçastnıx 21 illik karyerası dövründə “Spartak”la yanaşı, “Verder” (Almaniya), “Rasinq” (İspaniya), “Fənərbaxça” (Türkiyə) klublarında oynayıb. O, Rusiya yığmasının heyətində (71 oyun, 26 qol) 3 böyük turnirin final mərhələsində - 1994 və 2002-ci illər dünya çempionatlarında, 1996-cı ildə isə Avropa çempionatında çıxış edib. Məşqçilik karyerasına isə 2004-cü ildə, “Spartak”ın əvəzedicilərdən ibarət kollektivində başlayıb.


Digər xəbərlər

Xəbər xətti