"Borussiya" pley-off, "Qəbələ" sensasiya arzusunda

15:18 5 Noyabr 2015

Almaniya. Dortmund şəhəri. “Siqnal İduna Park” stadionu. Noyabrın 5-də Bakı vaxtı ilə saat 22-də azərbaycanlı futbol azarkeşlərinin, o cümlədən “Qəbələ”sevərlərin bütün diqqəti bu məkana yönələcək. Sportarena.az xəbər verir ki, ölkəmizin idman şərəfini ilk dəfə Avropa Liqasının qrup mərhələsində qoruyan “qırmızı-qaralar” məhz Dortmundda yerli “Borussiya” ilə “duel”ə çıxacaq.

 

 

Komandamızın “Borussiya” və ümumiyyətlə, Bundesliqa təmsilçisi önündə ilk sınağı oktyabrın 22-də gerçəkləşib. Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində Bakıya təşrif buyuran almanlar Pyer-Emerik Obameyanqın het-triki sayəsində 3:1 hesablı qələbə qazanıblar. Tomas Tuxelin yetirmələri cari mövsüm arxada qalan 7 avrokubok matçında məğlubiyyətin nə olduğunu bilmirlər (6 qələbə, 1 heç-heçə). “Qəbələ”ni isə güclü rəqiblə səfər oyunu ərəfəsində uğursuz seriya izləyir. Belə ki, komanda son 5 avrokubok görüşündə zəfər çala bilmir. “Panatinaikos”la 2 görüş, eləcə də PAOK-la oyun heç-heçə başa çatıbsa, “Krasnodar” və “Borussiya” ilə oyunlar məğlubiyyətlə bitib.

 

Yəqin ki, çoxları dortmundlular önündə “Qəbələ”nin şansını olduqca az olması qənaətindədirlər. Etiraf etmək lazımdır ki, dünyanın ən güclü futbol ölkələrindən biri olan Almaniyada, Bundesliqanın 2-ci pilləsində yer alan “Borussiya” ilə oyun çox çətin olacaq. Heyətində 4 dünya çempionunun, həmçinin Marko Roys, İlkay Gündoğan, Sinci Kaqava, karyerasının pik dövrünü yaşayan Pyer-Emerik Obameyanq kimi futbolçuların yer aldığı komandadan səfərdə 1 xal almaq belə, sensasiya olardı. Qarşıdakı matçda “Borussiya” artıq növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bundan ötrü dortmundlular “Qəbələ”ni məğlub etməklə yanaşı, “Krasnodar”ın PAOK-u udacağına da ümid bəsləməlidirlər.

 

“Borussiya” öz çılğın azarkeşi ilə də Almaniyanın digər klublarından fərqlənir. Bunu ölkəmizin digər təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Dortmundda çıxış edərkən də görmüşük. Tribunaları qara-sarı rənglərə boyayan fanatlar həmin matçda doğma komandalarının 4:0 hesablı qələbə qazanmasına yardımçı olmuşdular. Bəri başdan demək olar ki, “Borussiya”nın azarkeşləri “Qəbələ” ilə görüşdə də bayram əhval-ruhiyyəsi yaratmağa, rəqibə təzyiq göstərməyə çalışacaqlar.

 

Ancaq istənilən halda, “Borussiya”nın “12-ci oyunçusu”ndan qorxmağa dəyməz. “Qəbələ” bu mərhələni çoxdan arxada qoyub! Futbolçularımız bu mövsüm Gürcüstanda, Serbiyada, Kiprdə, xüsusilə Yunanıstanda da azarkeş basqısı altında oynayaraq, tam peşəkarlıq nümayiş etdiriblər. Ümid təcrübəli, məsuliyyətli futbolçularla yanaşı, onları oyundan-oyuna uğura daşıyan, güclü psixoloq, baş məşqçi Roman Qriqorçukadır. Ukraynalı mütəxəssisin “Borussiya” ilə Bakıdakı matçdan işlətdiyi sözləri xatırlatmaq yerinə düşür: “Qarşıdakı 3 oyunda 9 xal toplamaq mümkündür”. Cənab Qriqorçuk populist çıxışlardan, yersiz ifadələrdən uzaq məşqçidir. Deməli, belə danışmağa onun əsası, güvənci var. Möhtəşəm taktika ustası, göstər özünü! Uğurlar, “Qəbələ”! ("Qəbələ" İK)


Digər xəbərlər

Xəbər xətti