Avropa Liqasının qrup mərhələsində doğma meydanda "Qəbələ"yə 4:0 hesabı ilə qalib gələn Dortmund "Borussiya"sının futbolçusu Henrik Mxitaryan oyundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı.
- “Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?
- Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm.
- “Qəbələ” haqda fikirlərin necədir?
- “Qəbələ” pis komanda deyil. Yaxşı mübarizə apardılar. “Qəbələ”nin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. “Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram
- Bakıda keçirilən ilk oyunda iştirak etməməyin nə ilə əlaqədardı?
- Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buan görə də yekun qərar oldu ki, Bakıya getməyim.
- Sənə qədər bir çox erməni idmançı Bakıya gəlsə də, heç bir problemlə üzləşməyiblər...
- Amma digərləri futbolla bağlı gəlməyiblər. Güləş və şahmat futboldan fərqlidi.
- Bakıda nəsə olacağından ehtiyatlanırdın?
- Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm.
- Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?
- Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə “Borussiya”nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünki oyun üçün də gələnlər var idi.
- Azərbaycan klubuna qol vurmaq Henrik Mxitaryan üçün vacib idi?
- Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. “Qəbələ”yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Təbii ki, qol vurmaq hər zaman xoşdur.(dsport.az)