“Nəticədə günahkar kimdi? Böyük komandaya qarşı oynadıq. Rəqibimiz Avropa Liqasının finalında oynayacaq. Onları qələbə münasibətilə təbrik edirəm”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün Dortmund “Borussiya”sının qonağı olan “qırmızı-qaralar” meydanı 0:4 hesablı məğlubiyyətlə tərk ediblər. Matçdan sonra keçirilən mətbuat konfransında Qriqorçuk məğlubiyyəti şərh edib: “Bu komandanın yeri Çempionlar Liqasıdı. “Borussiya” çox güclü komanda olduğunu bir daha göstərdi. Nə baş verdisə, bizim xeyrimizə oldu. Bununla, məğlub olduğumuz üçün sevindiyimi demək istəmirəm. Əlbəttə ki, nəticədən razı deyiləm. Sadəcə, bu oyunda hər cəhətdən yaxşı dərs götürdük. Öyrənməli olduğumuz çox şeylər var”.
- Dünən nə fikirləşirdiz, bu gün nə alındı?
- Bizə nə gözlədiyini bilirdik. Amma yenə də nəsə edəcəyimizə ümidli idik. Qorxulu bir şey baş vermədi. Bu gün baş verməli olan şey oldu. Çünki rəqib komanda bizdən çox güclü idi.
- Vaqif Cavadov bura nə üçün gəlmişdi?
- Onsuz da, əhvalım yoxdu. Bu cür sual verməklə, məni bir qədər də əsəbiləşdirmək istəyirsiniz. Məşqçilər heyətinin bu oyun üçün yaxşı vəziyyətdə gördüyü futbolçular heyətə daxil edilmişdilər.
- “Qəbələ”nin uğursuz oyunlar seriyası “Borussiya” ilə görüşdən başlamışdı. Buna məhz “Borussiya” ilə oyundan sonra son qoyulacaqmı?
- “Borussiya” haqda sözlərimi dedim. Möcüzə baş vermədi. Bilirsiz ki, futbolda möcüzə nadir hallarda baş verir. O ki qaldı seriyaya, biz Azərbaycan çempionatındakı son oyunlarda planlaşdırdığımız xalları qazana bilmədik. Bunların səbəbini bir daha təkrar edirəm ki, hücumları məntiqi sonluğa çatdırmaqda çətinlik çəkirik. Bundan sonra müəyyən qərara gəlib, düzəlişlərimizi edəcəyik.
- Çox əsəbi görünürsüz...
- Xeyr, əsəbi deyiləm. Sadəcə, məyusam, əhvalım pisdi. Ola bilsin, əvvəlki sual məni bir az özümdən çıxartdı. Amma hazırda yaxşıyam.
- Sizə gələn təkliflərə hansı reaksiyanı verəcəksiz?
- “Qəbələ”ni sevirəm, bu klubun rəhbərliyinə, futbolçularına hörmətlə yanaşıram. İstəyirəm ki, əlimdən gələni edim və “Qəbələ” daha yüksək səviyyəli komanda olsun. Mənim məqsədim budu. Təkliflər barəsində isə danışmağa dəyməz. Çünki “Qəbələ”də görəcəyimiz işlər var, komanda daha güclü olmalıdı. Biz başa düşürük ki, indiki məqamda “Borussiya” ilə müqayisədə biz kimik və nə qədər iş görməliyik? İnkişaf addım-addım olur. Beynimdə olan fikir komandanı daha da inkişaf etdirməkdi.
- “Krasnodar” PAOK-a qalib gəldi. Bununla “Qəbələ”nin növbəti mərhələyə yüksəlmək şansı itdi. Qrupdakı son 2 görüş sizin üçün hansı əhəmiyyət daşıyacaq?
- Şansımızı tamamilə itirməmişik. Az da olsa, şansımız qalır. Düzdü, təkcə bizdən asılı deyil. Rəqiblərimizin xal itirməsində maraqlıyıq. Sadəcə, qarşıdakı 2 oyunda qalib gəlməklə, tam itirilməyən şansımızı bərpa etmək istəyirik.(apasport)