"Roysun qolu çox önəmli idi və yaxşı vaxtda vuruldu. Bu qol bizə stress və əngəlləri aradan qaldırmağa kömək etdi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq deyib. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri oyunda 2-ci qola imza atan təcrübəli forvard təəssüratlarını UEFA-nın rəsmi saytına açıqlayıb:
"Bundesliqada "Verder"lə keçirilən görüşdə qol vura bilmədim. Bu, məni toparlanmağa məcbur etdi. Ona görə "Qəbələ" ilə görüşdə qol vurmaq mənim üçün önəmli idi. Bu oyunda qol vurmağı çox istəyirdim".
Qeyd edək ki, Obameyanq "Qəbələ" ilə Bakıdakı matçda da komandamızı məyus etmişdi. Qabonlu futbolçu həmin vaxt rəqibin qapısından 3 top keçirmişdi.