"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Almaniyanın "Borussiya" komandası ilə Avropa Liqasının IV tur matçı ilə əlaqədar Dortmunda ezam olunmuş jurnalistlər üçün brifinq keçirib.
- 0:4 hesabı ilə uduzduğunuz oyun barədə nə deyə bilərsiniz?
- Bilirdik ki, bizi çətin oyun gözləyir. Amma yaxşı nəticəyə ümid edirdik. Səfərdə oynayırdıq, rəqib isə güclü idi. Bu amillər özünü nəticədə göstərdi. Məncə, artıq önümüzdəki oyunlara baxmalıyıq.
- Son oyunlarda komandanız pis çıxış edir. Bununla bağlı klubdaxili iclas keçirmisiniz?
- Baş məşqçimizdən uğursuz çıxışın səbəbini soruşmamışam. Amma axırıncı 3 oyunla bağlı bütün təhlil və müzakirələrdə iştirak etmişəm. Ümumi söhbət olub ki, xal itirmək olmaz. Kiməsə "Sənin səhvin üzündən xal itirdik" deyilməyib. Məncə, qarşıdakı oyunlarda hər şey yoluna düşəcək.
- Mətbuatda belə iddia var ki, "Qəbələ"nin uğursuz çıxışı baş məşqçi Roman Qriqorçukun fikrinin Ukrayna millisinin yanında qalması ilə bağlıdır...
- Bu, inandırıcı deyil.
- Sualı başqa cür qoyaq: belə söz-söhbətlər ortaya çıxandan bəri komandanız yüksək nəticələr göstərə bilmir...
- Ola bilər ki, bunlar üst-üstə düşsün. Amma onun getməyi müzakirə mövzusu deyil. Hələ milli komanda söhbəti ortaya çıxmamışdan öncə bəzi həmkarlarının milliyə can atmalarından təəccüblənirdi. Gənc, kifayət qədər potensialı olan insan milliyə can ata bilməz. Özünüz də bilirsiniz ki, millidə iki ayda bir dəfə toplanışlar. Qriqorçuk həqiqətən çox işgüzar mütəxəssisdir. Deyir ki, milli onun üçün darıxdırıcıdır, işləyə bilməz. Bunlar hələ söz-söhbətlər ortaya çıxmamışdan dedikləridir. Qriqorçukun yığmada çalışa biləcəyini Ukrayna mətbuatı yazıb.
- Belə söz-söhbətlər futbolçuların konsentrasiyasına təsir edə bilərmi?
- Birmənalı olaraq, yox. Təkcə AZAL-la oyunu götürək: biz 60, rəqib isə cəmi 3 hücum edib. 2 təmiz qolumuzu saymayıblar. Bəlkə hava dumanlı olduğundan, görməmisiniz. Amma biz PFL-in kameraları ilə bir-bir epizodlara baxmışıq. Bir epizodda qapıçı topu içəridən çıxarır, digərində isə ofsayddan söhbət gedə bilməz. Üstəlik, Rəşad Sadiqov 1 metrlik məsafədən topu tora göndərə bilməyib. Başqa 3 dənə yüzfaizlik qol epizodumuz olub. Bütün bunları nəzərə aldıqda, komandanın oynamadığını demək düzgün çıxmaz. Bəxt amili ilə də əlaqələndirmək olar. Futbolda belə hallar olur.
- Bəlkə bu söz-söhbətlərə son qoymaq üçün Qriqorçukla müqaviləni uzadasınız?
- Bu barədə fikrimiz var. Amma hələ konkret heç bir söhbət olmayıb.
- Yerli futbolçuların azlığı sizdə narahatlıq doğurmur?
- Komandamızda yerli futbolçuların çox olması bizə də xoş olardı. Ancaq heyəti baş məşqçi müəyyənləşdirir. Onun da qərarına hörmətlə yanaşmalıyıq. Mən Qriqorçuka birmənalı inanıram ki, start heyətində yer alanların hər biri buna layiq idi. Kim güclüdürsə, onların hər biri meydana çıxmışdı. Fərqi yoxdur: Bu, azərbaycanlı idi, yoxsa legioner. Məsələn, öz akademiyamızın yetirməsi Elvin Camalov "Borussiya" ilə cavab matçında meydana çıxanda qürur hissi keçirdim. Rəhbərlik olaraq, Qriqorçuka inanırıq.
- Hələ də əsas heyətdə debüt etməyən Vüqar Nadirovun qışda göndərilməsi gündəmdədir?
- Hələ bu haqda bir söz deyə bilmərəm. Qərarı baş məşqçi verir. Onunla söhbətimiz olmayıb.
- Bəs Vaqif Cavadov?
- Eyni sözlər ona da aiddir. Düzdür, son qərarı rəhbərlik verir, amma baş məşqçinin fikri bizim üçün önəmlidir. Yəqin ki, qış fasiləsinə az qalmış heyətlə bağlı baş məşqçi ilə söhbətimiz olacaq.
- 4 il öncə də "Borussiya" - "Qarabağ" matçında da BVB stadionunda Dağlıq Qarabağın separatçı rejiminin “bayrağ”ı asılmışdı. Bu dəfə "Borussiya" rəhbərliyi ilə söhbətiniz olmuşdu?
- "Borussiya" rəhbərliyi ilə Bakıdakı görüşdə də, Henrix Mxitaryanın gəlməməsi ilə bağlı söhbətlərdə də bu barədə danışmışdıq. Onların da, bizim də fikrimiz üst-üstə düşürdü. "Bu, erməni futbolçudur, bizə qol vurdu" söhbətlərini qabartmaq cılızlıqdır. Bizim ermənilərlə ən böyük müharibəmiz futbol meydanında yox, Qarabağdadır. Məsələni bu cür siyasiləşdirmək düzgün çıxmazdı. Futbolçunun fikri meydanda, oyunda olmalıdır. Nəyisə siyasiləşdirmək yalnız təxribatçı qüvvələrin işidir. Hətta bütün stadionda yalnız erməni bayrağı qalxsaydı belə, fikrimiz oyunda olmalı idi.