Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işlərinin aparılması və hərəkətin məhdudlaşdırılması ilə əlaqədar mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Sportarena.az "Report"a istinadən xəbər verir ki, Baku City Circuit-dən bildirilib ki, şirkət Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunmuş layihə üzrə şəhər halqasında xüsusi asfalt qatının çəkilişi və digər tikinti-quraşdırma işlərini əsasən 2016-cı ilə nəzərdə tutub.
"Şirkət tikintiyə bağlanacaq yollarda təmir-tikinti işlərinin əhalinin məişətinə və yol hərəkətinə təsirini minimuma endirmək üçün xüsusi plan tərtib edib və onun həyata keçirilməsi üçün aidiyyəti üzrə dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Yüksək keyfiyyət meyarına əsasən hazırlanacaq asfalt yollarının sonradan yerin dərin qatında yerləşən kommunal qovşaqlarında yarana biləcək nasazlıq halları üzündən sökülməsinin qarşısını indidən almaq məqsədilə hazırda aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür", - şirkətin açıqlamasında bildirilib.
Bilvasitə "Formula 1" yarışı üçün salınacaq asfalt qatının çəkilişi, tamaşaçı tribunalarının tikintisi, trek boyu beton baryerlərin və Hökümət Evinin qarşısında "Formula 1"ə aid xüsusi qurğuların quraşdırılması işləri mərhələli şəkildə aparılacaq. Bəzi ərazilərdə əhalinin gündüz saatlarında hərəkət axınına əngəl yaratmamaq məqsədilə işlər gecə növbəsi üzrə həyata keçiriləcək.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əməkdaşlıq edən Bakı Şəhər Halqası 2016-cı ildə müvafiq küçə və prospektlər üzrə yolların bağlanması haqqında məlumatı öncədən insanlara çatdıracağını bəyan edir.
Qeyd edək ki, "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.