“Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən Azərbaycan Cüdo Federasiyasında yeniliklər baş verib. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev federasiyanın prezidenti, Sadıq Sadıqov və Elnur Məmmədli vitse-prezidentlər seçiləndən sonra, İcraiyyə Komitəsinin üzvləri və məşqçilər korpusunda da dəyişikliklər oldu. İlk növbədə cüdo idman növü üzrə yaxın və uzaq hədəflər müəyyənləşdirildi və tədbirlər planı hazırlandı”.
Sportarena.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Bakı şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, cüdo olimpiya növü olduğuna görə, idmançılarımızın qarşısına növbəti ildə keçiriləcək Rio Olimpiadasına maksimal sayda lizsenziyalar qazanmaq məqsədi qoyulub: “Bu məqsədə çatmaq üçün federasiya da müəyyən işlər həyata keçirir. Azərbaycanda cüdo idman növünə yeni yanaşma tərzi var. Baş məşqçi dəyişikliyindən sonra yığma komandamıza yeni ab-hava gəlib. Təlim-məşq toplanışları və məşqlər zamanı texniki-taktiki hazırlıq gücləndirilib. Millimiz son müddətdə bir çox lisenziya xarakterli yarışlara ezam olunur. Bu yaxınlarda BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən növbəti lisenziya xarakterli yarışda da idmançılarımız lisenziya əmsallarını yaxşılaşdırdılar. Eyni zamanda, Cənubi Koreya, Monqolustan, Qazaxıstan, Çin, Afrika və Avstraliyada bir çox yarışlara nümayəndə heyətimizin ezamiyyəsi nəzərdə tutulub. Hədəf ağır çəki dərəcələrində də idmançılarımızın reytinq əmsallarını yaxşılaşdırmaqdır. Yığmamızın 2, 3, 4-cü nömrələrinin ayrı-ayrı yaş qruplarında və çəki dərəcələrində sparrinq-rəqib qismində hazırlanması üçün yarış təcrübəsinin artırılması da nəzərdə tutulub”.
Federasiya rəsmisi bildirib ki, milli komandamız vitaminizasiya, avadanlq, ekipirovka və geyim ləvazimatları ilə təmin olunub. Onun sözlərinə görə, tibbi müayinə və tibbi bərpa işləri ilə əlaqədar olaraq xüsusi qrup dəvət olunub və bu sahədə təcrübəli həkim briqadası işlərə başlayıb.
“Bu gün həm KİV ilə iş, həm rəsmi sayt və loqonun yenilənməsi, həm də “online” rejimdə Dünya və Avropa Cüdo Federasiyaları ilə işlərin gücləndirilməsi istiqamətində əməli işlər həyata keçirilir. Hakimlər korpusunda gənc nəslin formalaşdırılması, hakimlik dərəcələri və idman ustası normativlərini müəyyənləşdirmək üçün tədbirlərin təşkili istiqamətində rəhbərlik tərəfindən xüsusi tapşırıq verilib”- deyə, R. Abbasov əlavə edib.
Onun sözlərinə görə, cüdo idman növündə statistikanı əks etdirən bazanın yaradılması nəzərdə tutulub. Federasiya rəsmisi rəhbərliyin mütəmadi olaraq idmançılarla görüşdüyünü, onların xahişlərini nəzərə aldığını və bütün məqamlara xüsusi diqqət göstərdiyini deyib. O, cüdoçularımızın uğurlu çıxışlarla xalqımızı sevindirəcəyinə əminliyini ifadə edib.