"Qəbələ"nin adı saxtakarlıq qalmaqalında: "Turkish Airlines" insanları necə aldatdı?

19:30 7 Noyabr 2015

Yaxınlarda Türkiyənin "Törkiş Eyrlayns" (Turkish Airlines) şirkəti "Qəbələ" klubu ilə əməkdaşlıq edərək maraqlı layihəyə imza atdı. Futbol adına gözəl düşünülmüş addım olsa da, burda çox böyük saxtakarlığa yol verildiyi, layihədən daha çox özünüreklam qoxusunun gəldiyi görünməkdədir.

 

Sportarena.az xəbər verir ki, Qaynar.info Türk Hava Yollarına (bundan sonra ad belə çəkiləcək - red.) yaraşmayan bu saxtakarlığın üstünü açıb.

 

Belə ki, oktyabrın 29-da Türk Hava Yolları rəsmi "feysbuk" səhifəsi vasitəsilə azarkeşlərə müraciət etdi. "Qəbələ" FK tarixində ən çox qol vuran 3 futbolçu kimdir?" sualına düzgün cavab verən 1 nəfər öz dostu ilə noyabrın 5-də Dortmunddakı "Borussiya" ilə oyunu canlı izləmək şansı əldə edəcəkdi.

 

Layihənin şərtlərində isə göstərilmişdi ki, Türk Hava Yolları təyyarə və stadiona giriş biletini həmin 2 nəfər üçün təmin edəcək. Şengen vizası, məskunlaşma və qidalanma xərclərini qarşı tərəf çəkməli idi. Qalibin adı isə noyabrın 2-si saat 18:00-da açıqlanmalıydı. Aydın məsələ idi ki, noyabrın 5-dəki oyuna 2 günə viza açdırmaq qeyri-mümkün idi. Elə həmin layihənin elan olunduğu statusun altındakı şərhlərə nəzər yetirəndə də "Borussiya" - "Qəbələ" oyununu canlı izləmək istəyən azarkeşlərin cavabları ilə bərabər, viza ilə bağlı bədbinliyi də görünürdü. Bununla belə hər kəsdə bir ümid yeri vardı ki, bəlkə qalibə son anda viza ilə bağlı güzəşt oluna.

Nəhayət, noyabrın 2-də adlar açıqlandı. Qalib Orxan Hüseynov adlı bir azarkeş olmuşdu. Ancaq Türk Hava Yollarında da yaxşı bilirdilər ki, qısa müddətdə viza açdırmaq mümkün olmayacaq. Bu üzdən Elkin Xəlilov, Elşad Ramazanov, Bəhram Nağıyev və Ramil Kazımov adlı iştirakçılar sıralama ilə qalib müəyyən olunmuşdu. Bu yerdə onu da bildirək ki, bu oyuna getmək istəyən və layihədə iştirak edənlər arasında bir çox jurnalistlər də vardı. Elkin Xəlilov da məhz mətbuat nümayəndəsidir.

Təbii ki, nəticədə həmin insanlar da Dortmunddakı matçı izləməyə məhz viza səbəbindən gedə bilmədilər. Ona görə də Türk Hava Yollarının bu layihəsindən heç kimin Almaniyaya gedə bilməyəcəyi artıq bəlli olmuşdu. Ancaq...

Türk Hava Yolları noyabrın 5-i saat 10:58-də yeni status yazdı: "Bundan əvvəl Sizlərə təqdim etdiyimiz siyahıdakı qaliblər müəyyən səbəblərdən (viza və s.) hədiyyəmizi qəbul edə bilmədiyi üçün keçirilən ikinci təsadüfi seçim nəticəsində Orxan İsayev qalib olmuşdur".

Orxan İsayev kimdir? Sosial şəbəkədəki profilinə baxdıqda onun Azərbaycan Tibb Universitetində təhsil aldığı və elə hazırda orda da işlədiyi görünür. Bu adamın profil şəkli Almaniya - Azərbaycan bayraqlarını özündə əks etdirir. Maraqlıdır ki, Bakıda doğulsa da, Orxan yaşadığı yer kimi Almaniyanın Haydelberq şəhərini göstərib. Əvvəllər Almaniyanın tibb klinikalarında işləmiş bu şəxsin yaşayış yeri kimi göstərdiyi Haydelberq isə Dortmunddan elə çox uzaqda yerləşmir. Hər halda bu adamın Almaniya vətəndaşı olduğu və bu ölkəyə bağlılığı istisna olunmur. Yəni Orxan İsayev adlı şəxsdə əvvəlcədən vizanın olması mümkün idi.

 

Deyə bilərsiniz ki, burda nə var ki? Suala düzgün cavab verib və qalib olub. Əlbəttə, qalib olsaydı, məsələni bu qədər aktuallaşdırmazdıq. Ancaq qalib olsaydı... Gözümüzə qüvvət verib bir-bir düzgün cavab yazanlara diqqət yetiririk. Orxan Hüseynov adlı qalibə rast gəlsək də, Orxan İsayevi tapa bilmirik.

 

Burdan belə bir məntiqə gəlmək olur ki, Türk Hava Yolları kifayət qədər futbol azarkeşləri önündə özünü reklam etmək şansı qazandı. Cavabı isə noyabrın 2-si axşam saatlarında yox, ya iş günü olan oktyabrın 30-u və ya ən pis halda noyabrın 2-si səhər saatlarında açıqlamaq olardı. Kifayət qədər bu layihə vasitəsilə özünü reklam etdikdən sonra Türk Hava Yolları saxtakarlığa imza atmaqdan da çəkinmədi... Layihədə iştirak etməmiş Orxan İsayev adlı vizası olan bir şəxsi dostu ilə birgə Almaniyaya yola salmaqla.

 

Məsələylə bağlı jurnalistikanın əsas prinsiplərini əldə bayraq tutaraq və qərəzli olmadığımızı göstərərək qarşı tərəfə də tribuna vermək istəyirdik. Bizə əvvəlcə qurumun sosial şəbəkəsindən Türk Hava Yolları ilə elektron poçtla əlaqə saxlamalı olduğumuz bildirildi. Belə etdik, lakin yazdığımız suallara cavablar gəlmədi. Nəticədə ikinci şans kimi telefon əlaqəsi yaratmağı düşündük. Ancaq bu dəfə də bizə yalnız şirkətin Türkiyə ofisindən cavab verildi və bu layihədən xəbərsiz olduqları bildirildi.


Digər xəbərlər

Xəbər xətti