"Qəbələ"nin qapıçısı: "0:4 hesablı məğlubiyyət pis nəticə deyil”

12:10 8 Noyabr 2015

"Qəbələ"nin qapıçısı David Petrjkeviçin Almaniyada "Borussiya" (Dortmund) komandası ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra müsahibəsi:

- Zədəli Dmitri Bezotosnının yoxluğunda qapını Siz qorudunuz. Oyun necə keçdi?

- Fikrimcə, yaxşı keçdi. "Borussiya" kimi komandaya qarşı oynamaq hər zaman ağırdır. Digər tərəfdən, belə imkanlar hər zaman ələ düşmür. 0:4 hesablı məğlubiyyət də pis nəticə sayılmamalıdır. Hamı bilir ki, "Borussiya" güclüdür. Dortmund komandası digər rəqiblərinə də çoxlu qol vurub.

- Qollardan 2-ni yaxın güncdən buraxdınız. Bunlara görə özünüzü günahlandırırsınız?

- Xeyr. Nəyə görə? 4-cü qol epizodunda Henrix Mxitaryanın zərbəsi çox güclü idi, çıxarmaq mümkün deyildi. Pyer-Emerik Obameyanqın fərqləndiyi 2-ci qol epizodunda zərbəni dəf etmək olardı, amma uğur rəqibin tərəfində oldu.

- Bəzi epizodlarda topu ikinci cəhddə tuturdunuz. Bu, oyun praktikanızın azlığından irəli gəlmirdi?

- Xeyr, razı deyiləm. Əksinə, yaxşı çıxış etdiyimi düşünürəm. "Borussiya"nın çoxlu imkanı oldu. Dortmund komandasının əvvəllər vurduğu qollara baxsanız, qapıçıların necə qollar buraxdığına özünüz də şahid ola bilərsiniz. Yenə deyirəm: Belə rəqibə qarşı oynamaq ağırdır. Bu, istənilən komanda üçün dərs ola bilər. Rəqibin gücü ortada idi.

- Bezotosnı zədəli olmasaydı, yenə eyni nəticə qeydə alınacaqdı?

- Hardan bilim? Onu oyun göstərəcəkdi.

- "Qəbələ"nin hücum xətti necə görünürdü?

- Yaxşı komandaya qarşı oynayırdıq. Belə görüşlərdə təzyiqlər də olur, hücumdan müdafiəyə çəkilmələr də. Məncə, komandamız da yaxşı çıxış etdi. Sadəcə, hücumlar sonadək alınmadı və nəticədə uduzduq. 

- "Borussiya" elə bir komandadırmı ki, 10 dəfə də oynasanız uduzarsınız?

- Bilirsiniz, "Borussiya" hazırda tam fərqli səviyyədədir. Məncə, bu komandanın Avropa Liqasının qalibi olma şansı var. Əlbəttə, güclüdürlər. Cəmi 3 mövsüm öncə "Bavariya" ilə Çempionlar Liqasının finalında qarşılaşıblar.

- Sizcə, qrupdakı son 2 tur yoldaşlıq görüşü xarakteri daşımayacaq?

- Nəyə görə? Yaxşı hazırlaşaraq, Yunanıstanda PAOK-u, Bakıda isə "Krasnodar"ı məğlub etmək lazımdır.

- Qarşıdan "İnter"lə oyun gəlir...

- Qalib gəlmək lazımdır.

- Amma neçə oyundur ki, qalib gələ bilmirsiniz...

- Fikrimcə, burada problem yoxdur. Sadəcə, oyuna yaxşı köklənmək lazımdır ki, qələbə də gəlsin.

- Son uğursuzluqlardan sonra "Qarabağ"dan 5 xal geridə qalmısınız. Bu, ciddi təhlükə deyil?

- Xeyr. Hələ qarşıda çoxlu oyunumuz var. Təkcə "Qarabağ"la Premyer Liqada 3 dəfə üz-üzə gələcəyik.

- Premyer Liqada legionerlərə qoyulan limit üzündən qapını milliləşdirilmiş Andrey Popoviçin qoruyacağını düşünmək olar?

- Kimin qapıda duracağını baş məşqçidən soruşmaq lazımdır.(sportnet.az)


Digər xəbərlər

Xəbər xətti