"Neftçi"nin yarımmüdafiəçisi Kaue da Silva "Rəvan"a 2:3 hesablı məğlubiyyətdən sonra Sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb
- Oyun haqda nə deyərdin?
- Məncə, birinci hissə bizdə yaxşı alındı. Rəqibin çox hücum etməyinə imkan vermədik. Özümüz bir neçə şans yaxaladıq. Amma 2-ci hissədə 5 dəqiqənin içində buraxılan 2 səhv nəticəsində qollar buraxdıq. Daha sonra növbəti topu qapımızda gördük. Oyunumuz çox pis alındı.
- Azarkeşlərin sizi təhqir etməsindən xəbərin oldu?
- Yox bilmirəm. Bu mənim üçün problem deyil Mən öz işimi görürəm. Onların xoşlarına gəlmirsə, bunu bildirsinlər. Mənim üçün heç bir problem yoxdur. Futbolda belə hallar olur.
- 12 oyuna cəmi 3 qələbə. “Neftçi bu nəticələrlə hara gedir?
- Belə davam etsək, çox pis olacaq. Bəlkə də oyun üslubumuz dəyişməlidi. Kənardan baxanlar ancaq oyunumuzu, meydanda olanları görür. Ancaq komandanın içərisində baş verənləri bilmirlər.
- Bəlkə deyəsən komanda daxilində baş verənləri...
- Mən demirəm ki, komandanın daxilində pis proseslər gedir. Yox, mən onu nəzərdə tuturam ki, kənardan baxan bizim məşqlərdə nə qədər çalışdığımızı, məğlubiyyətlətin bizə necə pis təsir etdiyini bilmir. Bəzən olur ki, gecələr də yata bilmirik.
- Deyirsən ki, məşqdə çox çalışırsız. Onda belə çıxır ki, problem baş məşqçidədi?
- Bilmirəm. Bu sizin fikrinizdir. Mən sadəcə öz işimi görmək istəyirəm. Baş məşqçinin tapşırıqlarını yerinə yetirirəm. Amma məşqçi ilə bağlı verdiyiniz sual sizlərin fikridir. Mən bununla razı deyiləm.
- Kluba yeni rəhbərlik gəlib. Bəlkə onlarla ortaq dil tapa bilmirsiz?
- Yox. Rəhbərlik meydançaya çıxıb futbol oynamır. Problem ondadır ki, biz udmuruq. Udsaydıq, problem də olmazdı, bu cür söz-söhbətlər də.
- Növbəti turda “Xəzər Lənkəran”la prinsipial oyun var. Həmin qarşılaşma haqda nə düşünürsən?
- Bu oyuna qədər vaxtımız var. Bu oyuna baxıb, səhvlərdən nəticə çıxarmalı, çox çalışmalıyıq. Bundan sonra isə “Xəzər Lənkəran”ı fikirləşməliyik.
Vüsal MİRZƏYEV