Bakının “Rəvan” klubu Topaz Premyer Liqasının 2015/16 mövsümündə ilk qələbəsini qazanıb. Sportarena.az xəbər verir ki, çempionatın əvvəlki 11 oyununda qalib gələ bilməyən paytaxt təmsilçisi 12-ci turun “Neftçi” ilə qarşılaşmasında 3:2 hesablı qələbə qazanmaqla 3 xal əldə edib. Bəhmən Həsənovun yetirmələri bununla da qələbəsiz oyunlar seriyasını qırıb.
Son qələbəsini 2013/14 mövsümünün 34-cü turunun “Simurq”la qarşılaşmasında (1:0) əldə edən “Rəvan” 2014-cü il mayın 17-dən sonra Premyer Liqada ilk dəfə qalib gəlib. 540 gündən sonra 3 xal əldə edən paytaxt klubu bu müddətdə 13 matç keçirib, 2 xal qazanmışdı. “Neftçi” ilə oyunadək ardıcıl 8 məğlubiyyət alan “Rəvan” 3-cü turun avqustun 22-də “Xəzər Lənkəran”la səfərdə keçirilən matçından (1:1) 78 gün sonra xal qazanıb.